Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova səhiyyə işçilərini peşə bayramı münasibəti ilə təbrik etdi

17 iyun 2020 | 16:00

Əziz və fədakar tibb işçiləri!

Gecə-gündüz bilmədən, bayram-istirahət keçirmədən, harda olmasından asılı olamayaq hər an, hər dəqiqə insanların sağlamlığının keşiyində duran, onların köməyinə tələsən həkimlər hər bir hörmət və diqqətə layiqdir. Xalqımızın koronavirus pandemiyasına qarşı apardığı mübarizədə, bu çətin günlərdə öz köməyini əsirgəməyən ağ xalatlı mələklər bir daha sübut etdilər ki, tibb işçiləri cəmiyyətimizi, insanları qoruyan müqəddəs peşə sahibləridir.

Hər il iyunun 17-si xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Ulu Öndərin bu sahəyə ayırdığı diqqət sahəsində Azərbaycan səhiyyəsi çox böyük inkişaf yolu keçib. Son illər tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və aparılan digər tədbirlər onu dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, tibbi sığorta sisteminin tətbiq olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir. Həyata keçirilən bütün tədbirlər əhalinin dövlət tibb müəssisələrinə olan inamını getdikcə artırır.

Abşeron rayonunda da səhiyyə sahəsində böyük işlər görülüb. Hazırda Xırdalan şəhərində bütün rayon sakinlərinin istifadəsi üçün nəzərdə tutulmuş müasir standartlara cavab verən yeni mərkəzi xəstəxana binası inşa olunur. Bundan əlavə Saray qəsəbəsində modul tipli xəstəxana tikilərək istifadəyə verilib. Bir neçə gün bundan öncə Bakı, Sumqayıt və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan üç modul tipli xəstəxananın açılışı zamanı etdiyi çıxışında Prezident İlham Əliyev bir daha pandemiya ilə mübarizədə həkimlərin rolundan danışıb. Dövlət başçısı həkimlərin fəaliyyətini, fədakarlığını yüksək qiymətləndirərək bunları söylədi: “Həkimlər öz həyatlarını risk altına atırlar. Onlar aylarla öz ailə üzvlərini görə bilmirlər və çox ağır şəraitdə xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar, onların həyatını xilas edirlər. Bizdə ölüm səviyyəsinin çox aşağı olması, ilk növbədə, həkimlərin peşəkarlığı, fədakarlığı hesabınadır. Mən bir daha onlara təşəkkür edirəm”. Göründüyü kimi, bu, həkimlərin fəaliyyətinə verilən ən böyük dəyər, ən böyük qiymətdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər cəmiyyətimiz tərəfindən çox böyük razılıq və rəğbət doğurur.
Ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu şərəfli işdə əliniz, qolunuz yorulmasın.
Gününüz, bayramınız mübarək olsun!

Hörmətlə,  İradə Gülməmmədova,

Abşeron rayon İcra Hakimiyyətinin Başçısı

Keçidlər