Şriftin ölçüsü :

Saytın rəngi :

Məmur xalq üçün işləməlidir, xalqın yanında olmalıdır

12 may 2020 | 16:00

Son illər, xüsusilə 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti tərəfindən başlanmış və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarından etibarən daha geniş vüsət almış və hazırda bu işlər intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsasını xüsusilə korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Hər cür neqativ hallara, xüsusilə korrupsiyaya və rüşvətxorluğa son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara etinasız yanaşan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan bəzi vəzifəli şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq cinayət-hüquqi tədbirlərin görülməsi məqsədəuyğun sayılmışdır.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, Neftçala və İmişli rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin vəzifə səlahiyyətlərini aşdıqlarına, dövlət əmlakını taladıqlarına və korrupsiya hallarına yol verdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin olunmuşdur. Bağışlanmaz haldır ki, qeyd olunan neqativ hallara hətta mərkəzi icra aparatı orqanlarının səlahiyyətli şəxsləri də yol verirlər.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il mayın 8-də məhkəmənin qərarı əsasında Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlunun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun xidməti və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkarlanaraq götürülüb.
İstintaq araşdırmaları zamanı Azərbaycan xalqının çoxəsrlik mədəni irsi və sərvəti olan tarixi abidələrin və mədəniyyət nümunələrinin qorunması, bərpası, rekonstruksiyası və mühafizəsi üçün zəruri işlərin görülməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin Zakir Sultanov tərəfindən müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin araşdırmalar nəticəsində Rafiq Bayramov tərəfindən Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlarda fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarının rəsmiləşdirilərək bunun müqabilində onların əməkhaqlarından tutulan vəsaitlərin, habelə müxtəlif qanunsuz yollarla əldə edilən digər vəsaitlərin hər ay toplanaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən olunub.
Respublika ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsinin Rafiq Bayramov tərəfindən şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsilə müntəzəm olaraq nağdlaşdırılıb mənimsənildiyinə dair məlumatlar əldə edilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Mədəniyyətimizin keşiyində durmalı, mədəni sərvətlərimizin qorunmasını, xalqa çatdırılmasını təmin etməli olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi zəruridir.

Keçidlər