Abşeronda“ASAN könüllü”lərə sertifikatlar verildi
Abşeron Rayon İcra Hakimiyyətində təcrübə keçən “ASAN könüllü”lərinə sertifikatlar verilib. Tədbirdə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov, AMEA-nın prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və könüllülər iştirak edib.
Azərbaycanda geniş vüsət alan könüllülük hərəkatının əsasının məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən icra başçısı qeyd edib ki, hazırda da bu idoelogiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Respublika ərazisində baş tutan bütün beynəlxalq tədbirlərdə, eləcə də dövlət orqanlarının gündəlik fəaliyyətində könüllülərin misilsiz xidmətlərinin olduğunu vurğulayan İ.Gülməmmədova bildirib ki, Abşeron Rayon İcra Hakimiyyətinə üçüncü rüb üzrə könüllülük fəaliyyəti üçün ümumilikdə 80-ə yaxın gənc müraciət etmiş, onlardan 24-ü (9-u qız və 15-ü oğlan) könüllü olaraq 3 ay müddətinə fəaliyyətə cəlb olunmuş və ixtisaslarına uyğun olaraq İcra Hakimiyyətinin müvafiq şöbələrində 2 növbədə ( 9 00-13 00, 14 00-1800) könüllülük fəaliyyətini həyata keçirmişlər.
Qeyd olunub ki, Könüllülər Abçeron RİH-i tərəfindən təşkil olunan ümumrayon iməciliklərində, rayon rəhbərinin səyyar qəbul-görüşlərində iştirak etmişlər. Bundan əlavə kənd və qəsəbələrdə könüllülər tərəfindən şifahi sorğular keçirilib və yerlərdə görüləsi vacib olan məsələlər ətrafında əhalinin arzu və istəkləri dinlənilib.
Vurğulanıb ki, Abşeron RİH-də təcrübə keçən “ASAN könüllü”ləri tərəfindən son üç ay ərzində rayon ərazisində yerləşən “N” saylı hərbi hissəyə bir necə dəfə baş çəkilmiş və şəxsi heyətə asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə 2000-dən çox bədii ədəbiyyat və qiymətli hədiyyələr təqdim edilmişdir. Eyni zamanda Abşeron RİH-nin təşkilatçılığı ilə könüllülər şəhid ailələri və Qarabağ qaziləri ilə görüşüblər.
Abşeron Rayon İcra Hakimiyyətində bir neçə dəfə könüllülərin fəaliyyətindən istifadə edildiyini və əvvəlki könüllülərdən artıq bir neçəsinin RİH aparatında işlə təmin olunduğunu vurğulayan İ.Gülməmmədova əlavə edib ki, Abşeron RİH başçısının təşəbbüsü ilə Könüllülər üçün pulsuz ingilis dili kursu təşkil olunub. İngilis dili kursu xüsusi proqramla və peşakar müəllim tərəfindən 3 ay müddətində (həftədə 3 dəfə) yüksək səviyyədə keçirilib. Abşeron RİH-nin əməkdaşı Şəmsi Əliyev və RİH-də təcrübə keçən “ASAN könüllü”sü Fəxri Nuriyev tərəfindən ölkədə ilk dəfə olaraq rayon ərazisində fəaliyyət göstərən uşaq bağçalarına qəbulun elektron qaydada aparılması üçün sistem hazırlanıb (http://abseronbagca.com/)
Daha sonra könüllülər çıxış edərək təcrübə müddətində bir çox biliklərə yiyələndiklərini, Abşeron RİH aparatının kollektivi tərəfindən qayğı ilə əhatə olunduqlarını və gələcək fəaliyyətlərində bu təcrübələrdən istifadə edəcəklərini bildiriblər.
Sonda 24 könüllüyə Abşeron RİH-nin başçısı İradə Gülməmmədova, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini - İcra katibi Əli Əhmədov, AMEA-nın prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə, YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov tərəfindən sertifikatlar təqdim olunub.