Xanım başçı Masazır kənd məktəbində ilk dərs günündə iştirak edib
Abşeron rayonunun ümumtəhsil məktəblərində “15 sentyabr – Bilik Günü” və yeni dərs ilinin başlanması münasibətilə bayram tədbirləri keçirilib.
Məktəbliləri təbrik etmək üçün Masazır 5 nömrəli tam orta məktəbdə keçirilən bayram tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, rayon ictimaiyyətinin nümayəndələri, valideynlər, məktəbin müəllim və şagird heyəti iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanılıb.Daha sonra işə yeni qəbul olan müəllimlər bir-bir "Müəllim Andı" içiblər.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Səlim Məmmədov şagirdləri, müəllimləri və qonaqları salamlayıb. S.Məmmədov qeyd edib ki, 2019-2020-ci tədris ilində məktəbəqədər qrupuların sayı 4 sinif, 96 şagird,1-ci sinifə qəbul üzrə qrupuların sayı isə 6 sinif , 172 şagird olmuşdur. Məktəbin ilk məzun buraxılışı 2020-ci ildə 24 şagirdlə olacaqdır.
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək Bilik Günü münasibətilə məktəbliləri, valideyn və müəllimləri təbrik edib, onlara yeni dərs ilində uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu milli təhsil strategiyasının bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən xanım başçı təhsilin inkişafı istiqamətində görülən işlərin müsbət nəticələrindən danışıb. Rayon rəhbəri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Abşeronda təhsilin gəstəricilərinin günü-gündən yaxşılaşdığını vurğulayan başçı qeyd edib ki, dövlətin siyasətində təhsilin inkişafı önəmli yer tutur. Bildirilib ki, 2018-2019-cu dərs ilinin nəticələrinə əsasən rayonun ümumtəhsil məktəbləri üzrə 183 nəfər məzun 500-600 arası bal, 61 məzunumuz isə 600-dən yuxarı bal toplayıb. Eyni zamanda 2 şagird ümumi təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə qızıl medalla təltif olunub.
İcra Başçısı çıxışının sonunda Abşeron rayonuna göstərdiyi diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə rayon sakinləri adından minnətdarlığını bildirib. Həmçinin pedaqoji kollektivi tədrisin keyfiyyətini yaxşılaşdırmağa, gəncləri milli ruhda tərbiyə etməyə, onları ulu öndər Heydər Əliyevin ideyalarına, Azərbaycançılıq məfkurəsinə sadiq gənclər kimi yetişdirməyə səsləyib.
Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri səslənib, rəqslər nümayiş olunub. İlk zəng çalındıqdan sonra İradə Gülməmmədova sinif otaqlarında olub, birincilərlə səmimi söhbətlər edib.