Abşeron rayonunda ilin doqquz ayının yekunları müzakirə olunmuşdur
Oktyabrın 22-də Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda cari ilin doqquz ayı ərzində rayonun sosial-iqtisadi inkişafının nəticələri təhlil edilmiş, qarşıda duran vəzifələr müzakirə olunmuşdur.
İclası açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov respublikamızın sürətli inkişafının bu rayondan da yan keçmədiyini bildirmişdir. Vurğulanmışdır ki, ilin doqquz ayı ərzində rayonda sənaye məhsulunun ümumi həcmi 86,7 milyon manata, pərakəndə əmtəə dövriyyəsi 162,4 milyon manata, əhaliyə göstərilən pullu xidmətlər isə artaraq 407,5 milyon manata çatmışdır. Hesabat dövründə rayounun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 359,2 milyon manat investisiya yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.
İclasda çıxış edən rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri tikinti, kənd təsərrüfatı, yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi, küçə və yolların abadlaşdırılması, yaşayış məntəqələrinin, xüsusilə Xırdalan şəhərinin müasirləşməsi istiqamətində görülən işlər haqqında geniş məlumat vermişlər. Bildirilmişdir ki, əhalinin su, işıq və təbii qazla təminatı daim diqqət mərkəzindədir.