İradə Gülməmmədova Xırdalan sakinləri ilə görüşdü
Son dörd ildir ki, Abşeron rayonunda aparılan genişmiqyaslı abadlıq, tikinti-quruculuq işləri, gündən-günə əldə edilən yeniliklərlə yanaşı vətəndaş amili də ön planda tutulur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova fəaliyyətə başladığı ilk gündən istər şəhər, istərsə də kənd və qəsəbə sakinləri ilə keçirdiyi səyyar görüşlər bunu söyləməyə əsas verir.
Rayon rəhbərinin iş fəaliyyətinin əsasını təşkil edən və ənənə halını almış həmin səyyar görüşlərdə İcra başçısı sakinlərin müraciətlərini dinləyir, qaldırılan hər bir məsələyə diqqət və qayğı ilə yanaşır.
Bu gün İcra başçısının növbəti səyyar görüşü Xırdalan şəhərində şəhid ailələri, müharibə veteranları və əlilləri üçün inşa edilmiş binada yaşayan sakinlər ilə keçirilib. Prezident Administrasiyasının məsul işçisi Habil Əzməmmədov, RİHB aparatının məsul şəxslərinin, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin, bina sakinlərinin iştirak etdiyi görüşdə rayonumuzda aparılan tikinti-quruculuq işlərindən, bir sözlə, rayonun sosial-iqtisadi göstəricilərindən söz açılıb. Sadə vətəndaşları narahat edən qayğılarla maraqlanılıb.
Şəhid və əlil ailələrinin məskunlaşdığı binanın həyətində keçirilən görüşdə çıxış edən İ.Gülməmmədova bina sakinlərini salamlayıb, keçirilən bugünkü görüşün əhəmiyyətindən danışıb.
Rayon rəhbəri bildirib ki, hər kəsə yaxşı məlumdur ki, bu cür səyyar görüşlər keçirməyimin əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Çünki fəaliyyətə başladığım ilk gündən vətəndaş amilini, mövqeyini hər şeydən üstün tutmağa, hər zaman sizlərin arasında olmağa, siz sakinləri narahat edən qayğıları öz dilinizdən eşitməyə çalışmışam.
"Prezident İlham Əliyevin siyasətinin əsasında xalqa xidmət dayanır” - deyən icra başçısı bu gün dövlət başçısının siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən vətəndaş amilinin Abşeron rayonunda hər zaman ön plana çəkildiyini vurğulayıb.
İcra Hakimiyyətinin başçısı görüş iştirakçılarına ölkəmizin hər yerində, o cümlədən, Abşeron rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə əldə olunmuş inkişaf, əhalinin rifah halının daha da yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən görülən tədbirlər, aztəminatlı ailələrə, həmçinin vətənimizin ərazi bütövlüyü uğrunda həyat və sağlamlıqlarından keçmiş şəhidlərimizin ailə üzvlərinə və Qarabağ əlillərinə göstərilən qayğıdan da danışıb. Xanım başçı qeyd edib ki, şəhid ailəsi üzvləri və Qarabağ əlilləri ən yüksək diqqət və qayğıya layiq vətəndaşlarımızdır və onların çətinlik və problemlərinin həlli üçün bütün zəruri tədbirlərin görülməsi hər birimizin borcudur. Dövlət başçımızın bu yöndə fəaliyyəti bizim üçün nümunə olmalıdır.
Daha sonra çıxış edən şəhid ailəsi üzvləri və Qarabağ əlilləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə səmimi minnətdarlıqlarını bildirib, rayonunun inkişafı, sosial və digər məsələlər barədə təklif və arzularını bildiriblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.