Abşeron RİH başçısı İradə Gülməmmədova Masazır kənd sakinləri ilə görüşdü
Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın rayonun Masazır kəndində sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak edib.
Abşeronun bütün kənd və qəsəbələrində olduğu kimi Masazır kəndində də mütəmədi olaraq sakinlərlə görüşlərin keçirildiyini vurğulayan İ.Gülməmmədova ötən müddət ərzində bir çox işlərin görüldüyünü, vətəndaşlar tərəfindən qaldırılan problemlərin həlli istiqamətində mühüm addımlar atıldığını qeyd edib.
Sonra Abşeron RİH başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahlar Həsənov və Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev hesabat xarakterli çıxış edərək gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.
Bundan sonra kənd sakinləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən irəli sürülən təkliflərinin reallaşmasında və problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər. Qeyd ediblər ki, ötən görüşlər zamanı qaldırılan problemlərin böyük əksəriyyəti tamamilə həll olunub. Çıxışçılar rayonda, eləcə də Masazır kəndində aparılan quruculuq və abadlıq işlərinə görə təşəkkür edərək, kəndin yeni salınan məhəllələrinə telefon xəttlərinin çəkilməsində, küçələrin abadlaşdırılmasında, marşrut xəttlərindəki avtobusların sayının çoxaldılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.