Abşeron rayonunun Məmmədli kəndində yeni məktəb binası istifadəyə verilmişdir
“Bilik günü” münasibətilə Abşeron rayonunun Məmmədli kəndində yeni məktəb binasının açılış mərasimi keçirilmişdir.Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatı Arif Alışanov, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Məmmədli kənd tam orta məktəbinin direktoru Elbəyi Abdiyev məktəbliləri, xüsusən birinci sinif şagirdlərini, onların valideynlərini, bütün pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etmişdir. O, kənddə müasir məktəb binasının tikilməsini dövlətimizin təhsilə göstərildiyi diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirmişdir.
Təhsili millətin gələcəyi hesab edən ümummilli lider Heydər Əliyevin dövlətçiliyin möhkəmləndirilməsi istiqamətindəki xidmətlərindən danışan rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov bildirmişdir ki, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illər respublikamızın müxtəlif bölgələrində yüzlərlə məktəb binası tikilib istifadəyə verilmişdir. Onlardan biri bu gün istifadəyə verilən Məmmədli kənd tam orta məktəbinin binasıdır.
Daha sonra məktəb binasının açılışını bildirən rəmzi qırmızı lent kəsilmiş və ilk zəng səslənmişdir. Təhsil ocağına baxış keçirən qonaqlara məlumat verilmişdir ki, 960 şagird yerlik yeni binada 51 sinif otağı, 2 laboratoriya və kompyuter otağı, kitabxana, idman zalı, yeməkxana vardır. Burada tədrisin yüksək səviyyədə təşkil olunmasına imkan verən hər cür şərait yaradılmışdır.
Qonaqlar məktəbdə yaradılan şəraitdən razı qaldıqlarını bildirmişlər.