Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Abşeron rayon təşkilatının 25 illik yubileyi keçirilib

27 sentyabr 2018 | 16:00

Yeni Azərbaycan Partiyası (YAP) Abşeron rayon təşkilatının yaradılmasının 25 illik yubileyi münasibətilə geniş tədbir keçirilib.

Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Yeni Azərbaycan Partiyasının üzvü, millət vəkili Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, təşkilatın Şura üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.

Öncə tədbir iştirakçıları Xırdalan şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Abşeron rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxış edərək müstəqilliyin əvvəllərində ölkəmizdə bütün sahələrdə tənəzzülün yaşandığı dövrdə yaranan partiyanın Azərbaycanın inkişafında, dövlətin güclənməsində, xalqımızın firavanlığına qovuşmasında misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bildirib ki, bütün bunlar partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin uğurlu strategiyasının məntiqi nəticəsi idi. Bu gün bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan mühüm nailiyyətlər qazanır.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O bildirib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır.

Abşeron rayon Fatmayi kənd tam orta məktəbinin direktoru, partiyanın veteran üzvü Nuru Nadirov çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

YAP Abşeron rayon təşkilatlarının Qadınlar şuralarının sədri Təyyübə Hüseyinova çıxışında ölkəmizdə həyata keçirilən uğurlu qadın siyasətindən və qadınların cəmiyyətdə, ictimai-siyasi həyatda fəallıqlarından söhbət açıb. T.Hüseyinova çıxışında ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında Azərbaycan qadınlarının bütün sferalarda uğurlar qazandığını və bu uğurların ölkəmizin daha da inkişafına zəmin yaratdığını vurğulayıb.

Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov çıxış edərək YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O deyib ki, ulu öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra xalqın tarixi yaddaşını bərpa edib. Çünki istənilən xalq tarixi yaddaşsız mövcud ola bilməz.

Millət vəkili Sevinc Fətəliyeva YAP-ın Azərbaycanın siyasi həyatındakı əhəmiyyətli yerindən və rolundan bəhs edib. Sevinc Fətəliyeva partiyanın yaranması və uğurlu siyasi fəaliyyəti ilə Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etdiyini, xalqımızı nicat yoluna çıxardığını vurğulayıb. Millət vəkili ölkəmizin qazandığı nailiyyətlərdən də danışaraq, bunun təməlində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olduğunu söyləyib. Sevinc Fətəliyeva xalqımızı, o cümlədən Azərbaycan qadınlarını Heydər Əliyev ideyaları ətrafında sıx birləşməyə çağırıb.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın yaranmasını və tez bir zamanda xalqımızın iradəsi ilə siyasi hakimiyyətə gəlişini müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi dəyərləndirib və bu münasibətlə tədbir iştirakçılarını təbrik edib.

Çıxışlardan sonra Abşeron RİH başçısı İ. Gülməmmədova “Dövlət qulluğunda fərqlənməyə görə” medalını və vəsiqəni rayon ictimaiyyəti qarşısında təntənəli surətdə Abşeron rayon İcra hakimiyyəti başçısı aparatının məsul işçisi Mehman Mustafayeva təqdim edib.

Tədbirin sonunda YAP Abşeron rayon təşkilatının bir qrup fəal üzvü fəxri fərmanla təltif edilib. Eyni zamanda, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi verilib.

 

Keçidlər