Şriftin ölçüsü :

Saytın rəngi :

RIH Başçısı Misirin Azərbaycandakı səfiri Adel İbrahimlə görüşüb

19 sentyabr 2018 | 16:00

Bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Adel İbrahimlə görüşüb.

Rayon İcra Hakimiyyətində baş tutan görüşdə xanım  İ.Gülməmmədova Abşeron rayonu haqqında Adel İbrahimə məlumat verib. Rayonun Xırdalan şəhəri də daxil olmaqla 15 kənd və qəsəbəsinin olduğunu və burada 500 mindən çox əhalinin yaşadığını qeyd edən başçı Abşeronun əvvəlcə kənd təsərrüfatı rayonu kimi yaradıldığını, hazırda isə həm kənd təsərrüfatı, həm də sənayə rayonu kimi inkişaf etdiyini bildirib. Abşeronun mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı barədə geniş məlumat verən başçı rayon ərazisində fərliyyət göstərən sahibkarlıq subyektləri, istehsal sahələri barəsində danışıb.

Görüşdə xanım başçı 2007-ci ildə Qalubiyyə ilə Abşeron rayonunun qardaşlaşması barədə protokolun imzalanmasını xatırladaraq, sənədin bütün müddəalarının uğurla yerinə yetirildiyini bildirib. Abşeronda Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhərinin mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev Parkı, Azərbaycan küçəsi və ölkəmizin birinci vitse-prezidenti Mehriban  xanım Əliyevanın adını daşıyan məktəbin olması iki ölkə arasında dostluğun əyani təzahürü kimi qiymətləndirilib.

Abşerona ilk dəfədir səfər etdiyini, bu gözəl rayonla tanış olduğuna görə çox şad olduğunu vurğulayan səfir Adel İbrahim Azərbaycan ilə Misir arasında əlaqələrin 2006-cı ilin mayın 6-da Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfərindən sonra yeni mərhələyə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, həmin səfər zamanı Abşeron RİH və Misirin Qəlyubiyyə əyaləti arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandumda tərəflər arasında kənd təsərrüfatı, sənaye, irriqasiya, yerli inkişaf, mədəniyyət, xeyriyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi, qeyd olunan istiqamətlərdə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulmuşdur.

Hazırda Abşeron rayonunun Azərbaycan ilə Misir arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi rol oynadığını vurğulayan səfir, iki ölkə arasında birbaşa aviareyslərin açılması barədə razılıq əldə olunduğunu bildirib. Onun sözlərinə görə, reyslər Misir aviaşirkəti tərəfindən həyata keçiriləcək.

Görüşün sonunda xatirə şəkli çəkdirilib . Cənab səfirə xatirə hədiyyələri təqdim olunub.

Keçidlər