İradə Gülməmmədova Güzdək qəsəbəsində din xadimləri ilə görüşüb
Abşeron rayon İcra Hakimiyyətinin başçı İradə Gülməmmədova Abşeron rayonunun Güzdək qəsəbəsindəki “Rəsulullah” məscidində təmirdən sonra yaradılan şəraitlə tanış oldu.
Məscidin axundu Mirkazım Kazımlı sakinlər adından rayon rəhbərini salamlayaraq Abşeron RİH-in dəstəyi ilə ötən görüşdən sonra Güzdək qəsəbəsində “Rəsulullah” məscidində aparılan təmir işlərinə görə təşəkkürünü bildirdi.
Bu məscidin 1851-ci ildən fəaliyyət göstərdiyini deyən dini ibadətgahın axundu bundan sonra da məscidin insanlara xidmət edəcəyini vurğuladı, sakinlərin sevincinin həddi-hüdudu olmadığını söylədi.
Görüşdə iştirak edən din xadimləri də onlara bəxş edilən sevincə görə minnətdarlıqlarını bildirdilər.
Azərbaycanda dini-mənəvi dəyərlərin qorunmasına hər zaman yüksək diqqət göstərildiyini vurğulayan xanım başçı qeyd etdi ki, həm ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində, həm də Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın dini-mənəvi dəyərlərinin qorunması və inkişafı diqqət mərkəzində saxlanılıb. Son bir neçə ildə rayonda onlarla məscid, ibadətgah və dini ziyarətgah təmir olunaraq xalqın istifadəsinə verilib.