Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda İnşası nəzərdə tutulan 168 km paylayıcı su şəbəkəsinin indiyədək 106 km-lik hissəsi tikilib.

11 sentyabr 2018 | 16:00

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Abşeron yarımadasında əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə layihələrin icrasını davam etdirir. Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi layihə çərçivəsində Xırdalan şəhərində içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması işləri uğurla davam etdirilir.

Layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. İcrasına 2017-ci ilin iyul ayında başlanılmış layihəyə əsasən, Xırdalan şəhərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təminatı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi hesabına aparılacaq. Buradan götürülən suyun Xırdalan şəhərinə verilməsi məqsədilə Ceyranbatan-Zirə magistral su xətti üzərində hər birinin tutumu 10 min kubmetr olan + 118 “Abşeron” və +82 “Masazır” su anbarlarının, həmçinin anbarlardan şəhərə qədər 4,5 km uzunluğunda magistral su xəttinin tikintisi nəzərdə tutulur. Hazırda magistral kəmərin və su anbarlarının inşası davam etdirilir.

Xırdalan şəhərində 168 km paylayıcı su şəbəkəsinin tikintisi və 21170 ədəd ev birləşməsinin verilməsi, abonentlərin sayğaclarla təmin olunması nəzərdə tutulub. Artıq paylayıcı su şəbəkəsinin 106 km-lik hissəsində işlər yekunlaşıb, 10 000 ev birləşmələri və 520 ədəd sayğac quraşdırılmışdır. Yanğın təhlükəsizliyi məqsədilə şəbəkə üzərində nəzərdə tutulmuş 570 yanğın hidrantının 240 ədədi quraşdırılmışdır.

Eyni zamanda Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulur. İnşası nəzərdə tutulan 109 km kanalizasiya şəbəkəsinin indiyədək 59 km-lik hissəsinin inşası yekunlaşmış, 3519 ədəd kanalizasiya ev birləşməsi verilmişdir.

Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu ildə başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, 2006-cı ildə şəhər statusu almış Xırdalanın mövcud su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdən başlayaraq mərhələlərlə yaradılıb. Son dövrlər Xırdalan şəhərinin xeyli genişlənməsi, sənaye müəssisələrinin və əhalinin artımı səbəbindən mövcud infrastruktur tələbatı qarşılamaq iqtidarında deyil. Hazırda Xırdalan şəhərində yaranan tullantı suları bir neçə mərhələdə Hövsan Aerasiya Stansiyasına yönəldilir. Gələcəkdə tullantı suları yeni tikilən tunel tipli kollektorlarla Lökbatanda inşa olunacaq tullantı sutəmizləyici qurğuya yönəldiləcək.

Azərbaycan Hökuməti və Səudiyyə İnkişaf Fondu tərəfindən birgəmaliyyələşdirilən digər layihə çərçivəsində Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsinin də içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur. Bu layihə üzrə tikinti-quraşdırma işlərinin birinci mərhələsi yekunlaşıb.

Keçidlər