Xanım başçı Hökməli qəsəbəsində növbəti səyyar qəbul keçirdi
Problemlərin yerində həlli gələcəyə inamı artırır
Rayonda hərkəs yaxşı bilir ki, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova kənd və qəsəbələrin böyük və kiçikliyindən, eləcədə rayon mərkəzinə yaxın və uzaqlığından asılı olmayaraq hər bir inzibati ərazinin əhalisinin sosial problemlərinin həlli üçün heç bir ayrıseçkiliyə yol vermədən konkret və səmərəli tədbirlərin planlaşdırılaraq icra olunmasına çalışır.
Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi öz müsbət təsirini göstərir. Hər yeni təşəbbüs, istifadəyə verilən yeni sosial obyektlər, əhalinin güzəranının yaxşılaşmasına, rahatlığın təmininə yönəlik işlər sakinlərin razılığına səbəb olur. Belə görüşlərdən biri də avqustun 31-də rayonun Hökməli qəsəbəsində keçirildi.
Qəbuldan önçə İradə Gülməmmədova qəsəbədəki “Hacı Məhəmməd Həsən bəy cümə” və “Ellik” məscidlərində yaradılan şəraitlə tanış oldu.
Qəbula gələn sakinlər keçən görüşdən sonra qəsəbədə abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu vurğulayaraq bütün bunlara görə öz təşəkkürlərini bildirdilər. Bununla yanaşı yeni salınmış məhələlərə su və kanalizasya xətlərinin çəkilməsinə və digər məsələlərlə bağlı köməklik göstərilməsini xahiş etdilər.
Sakinlərin onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri sualları ətraflı cavablandıran xanım başçı əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri xüsusi vurğuladı.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verildi.