Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda 26 İyun Silahlı Qüvvələr Günü qeyd edilib

25 iyun 2018 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarananmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.

Bayram tədbirində Abşeron rayonu İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, başçının müavinləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycan Respublikasının Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə şəxsi heyətə ünvanlanmış məktubu oxunub.

Hərbi hissənin şəxsi heyətini bayram münasibətilə təbrik edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 20 ildir ki, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycanda ümumxalq bayramı kimi qeyd edilir.

Diqqətə çatdırılıb ki, ömür yolu və zəngin siyasi fəaliyyəti hər birimizə ən dəyərli örnək olan Ulu Öndərin siyasi kursu hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz cənab Prezident İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Azərbaycan silahlı qüvvələri say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə regionun digər ölkələrindən, xüsusilə düşmən Ermənistandan qat-qat yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəldilən ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycandır. Bizim Silahlı Qüvvələrimiz Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur.

Qeyd olunubki, Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi ölkəmizin dövlətçilik, ordu tariximizinin yenidən öyrənilməsini və təbliğini gündəmə gətirdi. Bununla belə dövlət başçısının təşəbbüsü ilə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalının təsis edilməsi bir daha hərbçilərimizə və ordumuza olan diqqətin nümayiş etdirilməsi oldu. Bu gün Milli Ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantına çevrildiyini tam əminliklə deyə bilərik.

Xanım başçı çıxışında onuda nəzərə çatdırıb ki, ölkə başçısı qeyd etmişdi ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. 2016-ci ilin aprelində təmas xəttində düşmən təxribatının qarşısını alan zaman hərbçilərimizin göstərdiyi şücaət Azərbaycan Ordusunun gücünü bir daha göstərdi. Bizim ordumuz əks-hücum əməliyyatı keçirərək Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. İndi orada Azərbaycan bayrağı dalğalanır.
Cənab Prezident çıxışlarının birində ordu quruculuğunun onun siyasi kursunda prioritet olduğunu vurğulayaraq deyib: "Orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Mən çox şadam ki, cəmiyyət də bu təşəbbüsləri alqışlayır. Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik".

Son illər Silahlı Qüvvələrimizin maddi-texniki təminatının daha da yaxşılaşdırılması, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər də ordumuzun dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayan İ.Gülməmmədova vurğulayıb ki, hazırda hərbi hissələrimizdə müasir sosial şərait yaradılıb ki, bu da cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır və xalq-ordu birliyini daha da möhkəmləndirir. Əldə olunan nəticələrə zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür.

İ.Gülməmmədova çıxışında qeyd edib ki, bu gün səngərdə döyüş növbətçiliyi keçirən Azərbaycan əsgəri dövlətin, xalqın və ordu rəhbərliyinin etimadını layiqincə doğrultmağa tam hazırdır. Əminəm ki, lazım gələrsə, Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz hər an düşmən tapdağında olan torpaqlarımızı qısa müddətdə işğaldan azad edə və üç rəngli bayrağımızı ata-babalarımızın əzəli torpaqlarında qaldıra bilərlər.

Hərbi hissənin komandanlığı zabit, gizir və sıravi əsgərlərin adından yaddaqalan bir bayram tədbiri təşkil etdiyinə görə Abşeron Rayon İcra Hakimiyyətinə minnətdarlığını bildirib, ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən danışıb.

Sonra xidmətdə fərqlənən əsgər və zabitlərə rayon rəhbəri tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Sonda Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivləri zabit və əsgərlər qarşısında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Gənc müğənnilərin ifasında xalq və bəstəkar mahnıları, Abşeron rayon məktəblilərinin vətənə və orduya həsr olunmuş şeir kompozisiyası və başqa nömrələr alqışlarla qarşılanıb. Musiqi nömrələrindən böyük zövq alan əsgərlər incəsənət ustaları ilə birgə rəqsə qoşulublar.

Keçidlər