Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçularının peşə bayramı Abşeron rayonunda geniş qeyd edilib.

23 iyun 2018 | 16:00

Dövlət qulluqçularının peşə bayramı Abşeron rayonunda geniş qeyd edilib. Bu münasibətlə keçirilən tədbirdə rayon Icra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. Ölkəmizdə dövlət qulluğunun formalaşması və inkişafı prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərini xatırladan İ.Gülməmmədova bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Vurğulanıb ki, dövlət qulluqçularının peşə bayramının qeyd olunması onların cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatında müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir. Dövlət qulluqçusu başqaları üçün nümunə olmalı, Vətən, məslək uğrunda məsuliyyətini dərindən dərk etməlidir.

Abşeron Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədov rayonda müxtəlif sahələrdə çalışan dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, onlara çətin və məsuliyyətli, eyni zamanda, şərəfli işlərində uğurlar arzulayıb.

Sonda bir qrup işçi dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif olunub.

Keçidlər