Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng”
İyunun 14-də Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri keçirilib.
Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev, təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, valideynlər və şagirdlər iştirak ediblər.
“Son zəng” tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra məktəbin direktoru Roza Məmmədova rəhbərlik etdiyi təhsil müəssisəsinin qazandığı uğurlar, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışıb. Qeyd olunub ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəb binası 2016-cı ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 1400-dən artıq şagird təhsil alır ki, onlardan 22 nəfəri bu il məzun olur.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov məzunları “Son zəng” münasibəti ilə təbrik edib, onlara gələcək həyat və təhsillərində uğurlar arzulayıb. Bu gün Azərbaycanda təhsilə qayğının ən yüksək səviyyədə olduğunu bildirən Firudin Qurbanov son illərdə ölkə ərazisində yeni məktəblərin tikildiyini, həmçinin təhsil müəssisələrinin əsaslı təmir olunduğunu, maddi-texniki bazasının gücləndirildiyini qeyd edib. Nazir müavini Azərbaycanda ilk peşə-ixtisas təhsili müəssisələrinin geniş şəbəkəsinin yaradılması məzunlara iş təklif etmək imkanının yüksəldilməsi istiqamətində atılan mühüm addımlardan biri olduğunu vurğulayıb.
İlk öncə tədbir iştirakçılarını rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovanın adından salamlayan Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev bildirib ki, bu gün respublikamızda 2017/2018-ci dərs ilinə yekun vurulur. Mən bu münasibətlə başda Təhsil naziri Ceyhun müəllim olmaqla bütün təhsil kollektivini rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın adından səmimi qəlbdən təbrik edirəm. Sizlərə cansağlığı , işlərinizdə yeni-yeni uğurlar arzulayıram.
İ.Quliyev qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızda hər bir sahədə olduğu kimi təhsil sahəsində də çox böyük nailiyyətlərə imza atılıb. Bu diqqət və qayğıdan bəhrələnən Abşeron rayonunda da son 12 ildə 50-dən çox ümumtəhsil məktəbi , məktəbəqədər təhsil müəssisəsi tikilib istifadəyə verilibdir. Rayonun elə bir yaşayış məntəqəsi yoxdur ki, son illər orda yeni məktəb binası tikilməsin. Bu gün tədbirə toplaşdığımız Masazır 4 saylı tam orta məktəb binası artıq 2 ildir ki, tikilib Masazır sakinlərin istifadəsinə verilibdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan bu məktəb binasının açılışında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva iştirak edibdir. Ötən il 70 min nəfər əhalisi olan Masazır kəndində daha bir 1200 şagird yerlik məktəb binası tikilib istifadəyə verildi və Ölkə Prezidenti cənab İlham Əliyev həmin məktəb binasının açılışında iştirak edibdir. Bütün bunlar Prezident İlham Əliyevin, Birinci Vitse- Prezident Mehriban xanım Əliyevanın Abşeron rayonuna göstərdiyi diqqət və qayğının bariz bir nümunəsidir.
Rayon rəhbərliyinin rayonda təhsilə və təhsil işçilərinə daim diqqət və qayğı göstərdiyini vurğulayan başçının müavini onuda qeyd edib ki, əgər 2005- ci ildə ali məktəbə qəbul faizi 7-8% təşkil edirdisə, ötən il bu nəticə 65 faizdən yuxarı olmuşdur. 10 dəfədən çox irəliləyişə nail olunubdur. Mən əminəm ki, “Təhsildə keyfiyyət ili”nin elan olunduğu 2017/2018 dərs ilinin yekunlarına görə Abşeron rayonu Ölkəmizdə birincilər sırasında olacaqdır.Bir daha bütün məktəb kollektivinə Rayon İcra Hakimiyyətinin başçısı İradə xanım Gülməmmədovanın xoş arzularını, təbriklərini çatdırır və işlərinizdə davamlı uğurlar arzu edirəm.
Rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, bu il rayon ümumtəhsil məktəblərindən 2207 şagird məzun olur, onlardan 1184 nəfəri ali təhsil müəssisələrinə birinci qəbul imtahanında iştirak edib və 70-dən çox abituriyent 600-dən çox bal toplayıb.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya ilə davam etdirilib.