Şriftin ölçüsü :

Saytın rəngi :

9 May "Qələbə Günü" nün 68-ci ildönümü

10 may 2013 | 15:00

Mayın 9-da Xırdalan şəhərində faşizm üzərində qələbənin 68-ci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.
“Vətən-Ana” abidə - ansamblının qarşısında təşkil olunan və rayonda yaşayan 26 nəfər Böyük Vətən müharibəsi veteranının, ictimaiyyət nümayəndələrinin qatıldıqları mərasimin iştirakçıları əvvəlcə buradakı “əbədi məşəl”in önünə əklil və güllər qoymuş, xatirə şəkli çəkdirmişlər.
Çıxış edənlər bildirmişlər ki, 1941-45-ci illər müharibəsində 600 min azərbaycanlı cəbhəyə yola düşmüş, onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur. Bu qanlı müharibədə 130-dan çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Qürur hissi ilə vurğulanmışdır ki, bu qəhrəmanlar arasında abşeronlular-əfsanəvi Mehdi Hüseynzadə və Mikayıl Ələkbərov da vardır. Qeyd olunmuşdur ki, İkinci Dünya müharibəsi illərində hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli yağların 80 faizindən çoxu Azərbaycanın payına düşürdü.
Mərasimdə rayon mədəniyyət evinin xalq teatrının üzvləri ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər. Vətənə sevgi, böyük Qələbəyə inam kompozisiyanın leytmotivini təşkil etmişdir.
Tədbirdən sonra rayon rəhbərliyi Böyük Vətən müharibəsinin veteranı, Əməkdar Müəllim Dadaş Muradovu evində ziyarət etmişdir. Çay süfrəsi arxasında keçən səmimi söhbət zamanı iştirakçılar veteranı təbrik edərək onun səhhəti ilə maraqlanmış, söylədiyi fikirləri diqqətlə dinləmişlər.
Dadaş Muradov acılı-şirinli cəbhə xatirələrini bölüşmüş, yoldaşlarının mübarizliyindən və qələbə uğrunda keçdikləri ağır sınaqlardan söz açmışdır. O, Azərbaycanda Böyük Vətən müharibəsi iştirakçılarına və bu kateqoriyadan olan digər imtiyazlı şəxslərə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.(AzərTAc)

Keçidlər