RİH Başçısının Saray qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib
Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi öz müsbət təsirini göstərir. Hər yeni təşəbbüs, istifadəyə verilən yeni sosial obyektlər, əhalinin güzəranının yaxşılaşmasına, rahatlığın təmininə yönəlik işlər sakinlərin razılığına səbəb olur.
Belə görüşlərdən biri də aprelin 24-də rayonun Saray qəsəbəsində keçirilib.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak edib.
Rayonun kənd və qəsəbələrində yaşayan əhali ilə mütəmədi olaraq görüşlərin keçirildiyini, bunun artıq ənənə xarakter daşıdığını vurğulayan İ.Gülməmmədova səyyar qəbulların məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi və həlli istiqamətində addımların atılması olduğunu qeyd edib. Rayon rəhbəri ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitliyindən, həmçinin ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Abşeronda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb.
Abşeron RİH başçısının Saray qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənov, Saray bələdiyyəsinin sədri Natiq Tahirov hesabat xarakterli çıxış edərək son bir ildə gördükləri iş, həyata keçirdikləri abadlıq-quruculuq tədbirləri barəsində məlumat veriblər.
Daha sonra qəsəbə sakinlərindən Əliağa Əzimov, Arif Əmrahov, Allahyar Kərimov, İntiqam Məcidov, Elçin Əhmədov, Cavanşir Rzayev, Azad Quliyev və digərləri çıxış edərək rayon icra başçısının kənd və qəsəbələrdə səyyar görüşlərinin keçirməsinin çox böyük əhəmiyyət daşıdığını, əhali tərəfindən qaldırılan problemlərin həll olunmasında müstəsna kömək etdiyini bildiriblər.
Ötən görüşlərdən sonra qəsəbədə böyük genişmiqyaslı abadlıq-quruculuq işlərin aparıldığını, qaldırılan problemlərin həll olunduğunu bildiriblər.Buna görə öz təşəkkürlərini bildirən sakinlər qəsəbədə yeni salınan məhəllələrə təbii qazla fasiləsiz təmin olunmasında,, qəsəbədaxili yolların abadlaşdırılmasında köməklik göstərilməsini xahiş ediblər.
Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.
Görüşün yekununda İ.Gülməmmədova bildirib ki, sakinlərlə səyyar görüşlərin keçirilməsi bundan sonra da davam etdiriləcək. O, qeyd edib ki, Abşeron əhalisi surətlə artır və buna müvafiq olaraq müəyyən təlabatlar ortaya çıxır. Rayon İcra Hakimiyyəti tərəfindən də həm meydana gələn təlabatları qarşılamaq, həm də yaranan problemlərin vaxtında həlli üçün lazım olan bütün addımlar atılır.