Pakistanın nümayəndə heyəti Abşerona səfər edib
Pakistan İslam Respublikasının Lahor Milli İdarəetmə Kollecində Milli İdarəetmə Kursu keçən yüksək bürokratlar qrupu idarəetmə modelini, həyata keçirmə mexanizmini, sosial-iqtisadi inkişafda planlaşdırma prosesini və Azərbaycanın inkişafında dövlət və özəl sektorun rolunu öyrənmək məqsədilə Abşeron rayonunda səfərdə olublar.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan görüşdə qonaqlar Ümummilli Liderin həyat və fəaliyyəti ilə tanış olublar.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev görüş zamanı , hər iki ölkənin regional və beynəlxalq məsələlərdə həmrəylik nümayiş etdirdiyini, Pakistanın daim erməni təcavüzünü birmənalı şəkildə qınadığını, Ermənistanı bir dövlət kimi tanımadığını, Azərbaycanın da daim Pakistanı dəstəklədiyini diqqətə çatdırıb. İ.Quliyev hər iki ölkənin dövlət başçılarının diqqəti ilə ikitərəfli əlaqələrin siyasi, iqtisadi, mədəni, elmi, sosial, humanitar və digər sahələrdə uğurla genişləndirildiyini bildirib.
İ.Quliyev nümayəndə heyətinə Abşeron rayonu haqqında da məlumat verib. Rayonun Xırdalan şəhəri də daxil olmaqla 15 kənd və qəsəbəsinin olduğunu və burada 500 mindən çox əhalinin yaşadığını qeyd edən başçının müavini Abşeronun əvvəlcə kənd təsərrüfatı rayonu kimi yaradıldığını, hazırda isə həm kənd təsərrüfatı, həm də sənayə rayonu kimi inkişaf etdiyini bildirib. Abşeronun mədəniyyəti, iqtisadiyyatı, milli adət-ənənələri, tarixi abidələri, turizm potensialı barədə geniş məlumat verən İ.Quliyev rayon ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektləri, istehsal sahələri barəsində danışıb.
Pakistanlı dövlət qulluqçuları çıxışlarında Azərbaycanın dövlət qulluğu sahəsindəki təcrübəsinin onlar üçün faydalı olacağını bildiriblər.
Görüşdə müvafiq sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün qarşılıqlı səfərlərin, təcrübə və məlumat mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Daha sonra Pakistanın dövlət təmsilçilərindən ibarət nümayəndə heyəti səfər çərçivəsində Abşeron İcra Hakimiyyəti başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə baxış keçirib, əldə olunmuş müsbət təcrübə ilə yaxından tanış olublar.
Nümayəndə heyəti Abşerondan xoş təəssüratlarla ayrılıblar.