Abşeron Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabatı keçirildi
Bu ilin ilk üç ayı ərzində Abşeron rayonunda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,7 % artaraq 43,6 milyon manata çatıb.
Bu barədə Abşeron Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat məruzəsində qeyd edilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev məruzə ilə çıxış edərək bildirib ki, ötən rübdə rayonda abadlıq-quruculuq, çoxmənzilli yaşayış binalarının təmiri, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizat, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib.
Hesabat dövründə Güzdək-Buta, Qobu-Lökbatan, Mehdiabad-Pirşağı avtomobil yollarının təmirinə başlanılıb. Bakı-Quba avtomagistralından Masazır, Novxanı istiqamətində 2,7 km uzunluğunda alternativ yolun asfaltlanması ilə bağlı müvafiq sənədləşmə işləri aparılır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə rayonun Pirəkəşkül, Qobustan kəndlərində içməli su, Mehdiabad və Digah qəsəbələrində isə 5200 paqonmetr uzunluğunda kanalizasiya xətlərinin yenilənməsi işləri başa çatdırılıb. Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı ötən ilin iyul ayından başlanan işlər sürətlə davam etdirilir, bu günə qədər 65 km uzunluğunda içməli su, 30 km uzunluğunda kanalizasiya xətti çəkilib. Ümumilikdə layihə çərçivəsində 168 km içməli su, 110 km kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulur.
Sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, onların sosial problemlərinin həlli məsələləri rayon icra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılır. Hesabat dövründə rayon sahibkarları tərəfindən ixracyönümlü məhsulların istehsalına diqqət artırılıb, ərazidə fəaliyyət göstərən 37 şirkət tərəfindən istehsal olunan 350 adda məhsulun xarici bazarlara çıxarılması üçün “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilib. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 5 investisiya layihəsi üçün 8 milyon 317 min manat güzəştli kredit verilib və həyata keçiriləcək bu layihələr üzrə 136 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Cari ilin ilk rübündə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında 115 hüquqi, 690 fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyata alınaraq, fəaliyyətə başlayıb. Ümumilikdə sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, hesabat dövründə 1360 yeni iş yeri yaradılıb.
Diqqətə çatdırılıb ki, Prezidentin Sərəncamına əsasən 2018-ci ilin dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Abşeron rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə 2 milyon manat vəsait ayrılıb. Bununla əlaqədar Qobu qəsəbəsi ərazisində 0,7 hektar ərazinin ayrılması məqsədilə hazırda sənədləşmə işləri həyata keçirilir.
Məruzədə ötən illərdə olduğu kimi cari ilin birinci rübündə də ekoloji tarazlığın qorunması və yaşıllığın artırılmasının daim diqqət mərkəzində saxlanıldığı, yaşayış massivlərində 10 mindən çox zeytun, çinar, şam və digər növ ağacların əkildiyi vurğulanıb.
Yığıncaqda təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində görülən işlərdən, həyata keçirilən tədbirlərdən də danışılıb. Qeyd edilib ki, Mehdiabad qəsəbəsində 1200 şagird yerlik ümumtəhsil məktəbi binasının tikintisi başa çatıb, ətrafında abadlıq işləri görülüb.
İclasa yekun vuran Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qarşıda duran vəzifələrdən danışaraq, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verib.
Sonda müzakirə olunan məsələ ilə bağlı qərar qəbul edilib.