Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronlular Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsini ziyarət etmişlər

10 may 2013 | 15:00

Mayın 9-da faşist Almaniyası üzərində Qələbənin 68-ci ildönümü günü Böyük Vətən müharibəsinin veteranları və Abşeron rayonunun ictimaiyyəti əfsanəvi “Mixaylo”nun anadan olduğu Novxanı kəndinə getmişlər. Burada rəşadətli kəşfiyyatçı Mehdi Hüseynzadənin abidəsi ucaldılmışdır. Avropanın göbəyində faşistlərə qarşı mübarizə aparmış cəsur partizanın adı İkinci Dünya müharibəsi tarixinin salnaməsinə qızıl hərflərlə yazılmışdır.
Tədbir iştirakçıları səhər tezdən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi qarşısına toplaşmışlar. Hazırda rayonda amansızlığına və miqyasına görə misli görünməyən bu müharibənin canlı şahidi və iştirakçısı olmuş 26 veteran yaşayır. Azərbaycan xalqının şanlı oğlunun xatirəsini anmaq üçün veteranlar xüsusi avtomobillərdə Novxanıya gəlmişlər.
Ahıl yaşlarına baxmayaraq, veteranlar şən və gümrah görünürdülər. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov veteranların yanında olmuşdur. Tədbir iştirakçıları abidənin qarşısına əklil və tər çiçəklər qoymuşlar.
İcra hakimiyyətinin başçısı cənab  Z.Fərəcov müharibə veteranlarını bayram münasibətilə təbrik edərək demişdir: “Rəşadətli əsgərlər, cəsur partizanlar azadlıq uğrunda mübarizə apararaq, həyatları bahasına bəşəriyyəti faşizm əsarətindən xilas etmişlər. Onların arasında Azərbaycanın mərd oğulları da olmuşdur. Sevindirici haldır ki, siz, gənclərin vətəndaşlıq ruhunda tərbiyə olunması işində fəal iştirak edirsiniz. Sizin həyat mövqeyiniz vətənpərvər insanlar üçün layiqli örnəkdir”.
İcra başçısı böyük səmimiyyətlə veteranların problemləri ilə maraqlanmışdır. Veteranlar onların ehtiyaclarına daim diqqət və qayğı göstərdiyinə görə dövlətimizin başçısı İlham Əliyevə sonsuz minnətdarlıqlarını bildirmişlər.(AzərTAc)
 

Keçidlər