Abşeronda növbəti ağacəkmə aksiyası keçirilib.
Abşeron rayonunun ərazisində, Bakı-Şamaxı yolunun kənarında “Gələcəyimiz üçün ağac əkək” devizi altında növbəti ağacəkmə aksiyası keçirilib.
Aksiya Abşeron Rayon İcra Hakimiyyətinin və Sirab şirkətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Abşeron RİH-in və Sirab şirkətinin əməkdaşları ilə birgə ictimaiyyət nümayəndələri də iştirak edib. Aksiyada ümumilikdə 300 ədəd Eldar şamı əkilib, ərazidə təmizlik-abadlıq işləri aparılıb, ərazi alaq otlarından, daşlardan təmizlənilib, aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Abşeron Rayon İcra Hakimiyyəti rayon ərazisində bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.
Əhmədağa Əliyev rayon sakini: Ekoloji problemlərin aradan qaldırılması sahəsində Abşeron rayonunda davamlı siyasət həyata keçirilir. Çirklənmiş ərazilər təmizləndikdən sonra orada yaşıllaşdırma zolaqları salınır. Bu iş rayonun bütün kənd və qəsəbələrində davam etdirilir. Bir sözlə, Abşeronda həyata keçirilən yaşıllaşdırma aksiyaları, yaşıllaşdırma proqramları ictimaiyyətin maraqlarına söykənir.
Nicat Səfərov rayon sakini: Son illər Abşeron rayonunda kütləvi olaraq yaşıllaşdırma işinə start verilib. Bu çox önəmli hadisədir. Bu gün rayon ərazisində böyük yaşıllıq zolaqları salınır. Yaşıllıq çox olan ərazilərdə havanın çirklənməsi və səs-küy daha aşağı səviyyədə olur ki, bu da bilavasitə yaşıllıqlar əhatəsində yerləşən evlərdə yaşayan insanların sağlamlığına müsbət təsir edir.
Məlumat üçün bildirək ki, avtomobil yollarının istismarında mühafizə və ayırıcı zolaqlarının yaşıllaşdırılması ilə onların külək və su eroziyasından, qar yığıntısından mühafizəsi, ətraf mühitin sağlamlaşdırılması və avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılması təmin edilir, mənfi təbii, antropogen və texnogen hallardan mühafizə olunur.