Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronlu məktəblilər qədim Gəncəyə yola salındı

26 mart 2018 | 16:00

“Ölkəmizi tanıyaq” tur-aksiyasının Abşeron rayonundan olan iştirakçılarının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə yolasalma mərasimi keçirilib. Rayonun IX-XI siniflərindən olan 40 şagird dörd gün ərzində ölkəmizin görməli yerlərinə səfər edəcək.

Məktəblilər Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən yolasalma mərasimində çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə olunmuş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmlənməsində önəmli rol oynayacaq, səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaq.

Yolasalma mərasimində iştirak edən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, məktəblilər tur-aksiyanın gedişatı ilə bağlı tam təlimatlandırılıblar. Məktəbliləri 4 müəllim və bir həkim müşayiət edir.

Çıxışlarda vurğulanıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən “Ölkəmizi tanıyaq” layihəsi gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Abşeronlu tur-aksiya iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Şəmkir rayonunda orta əsr Şəmkir şəhəri, Abidələr parkı, Alman kilsəsi, İstiqlal parkı və “Nəfis çörək” zavodu, Göygöl rayonunda alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.

Məktəblilər “Ölkəmizi tanıyaq” layihəsində iştirak etməklə Vətənimizin tarixi məkanları, bölgələrimizin sosial-iqtisadi həyatı barədə zəngin bilik əldə edəcəklərinə əmin olduqlarını vurğulayıblar.

Sonda şagirdlər avtobusla Gəncəyə yola düşüblər.

Keçidlər