Abşeronda Novruz tədbirləri
Martın 16-də Xırdalan şəhərində Novruzun gəlişinə həsr edilmiş bayram tədbirləri keçirilmişdir. Abşeron rayonunun minlərlə sakini sevimli və gözəl istirahət guşəsində - Heydər parkında toplaşmışdılar. Novruz atributları və rəmzləri ilə bayramsayağı bəzədilmiş park bu gün daha gözəl görünürdü.
Bayram şənliyinin əsas personajları – Kosa və Keçəl rayon icra hakimiyyətinin başçısı xanım İradə Gülməmmədovanı , hüquq-mühafizə orqanlarının, müəssisə, idarə və təşkilatların rəhbərlərini, ictimaiyyətin nümayəndələrini sevinclə qarşıladılar.
Parkın xiyabanlarında kiçik səhnələr quraşdırılmışdı. Burada xalq sənətkarlarının əl işləri, rəssamların tabloları nümayiş etdirilir, Novruzla bağlı mərasim səhnələri göstərilir, meyxana və saz ustaları folklor nümunələri ifa edir, məktəblilər şeirlər oxuyur, gənc pəhləvanlar qüvvələrini sınayırdılar. Qonaqlar kəndirbazların və sirk ustalarının çıxışlarına da tamaşa etdilər. Bahar bayramının ənənəvi elementlərindən olan xoruz döyüşdürmək də yaddan çıxmamışdı.
Milli geyimli qızlar bayram yeməkləri nümayiş etdirdi, şənlik iştirakçılarını ənənəvi şirniyyata qonaq etdilər.
Sonra Bahar qız tədbir iştirakçılarını bayram konsertinə dəvət etdi. Respublikanın incəsənət ustaları parkın yay estradasında məharətlərini göstərdilər. Kütləvi gəzinti axşamdan xeyli keçənə qədər davam etdi.
Abşeron Novruz Bayramı-2018 Video