Abşeronda 8 mart Beynəlxalq Qadınlar Günü qeyd olundu
Abşeron rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram şənliyi təşkil olunub.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova qadınları təbrik edib, xoş arzularını çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizin siyasi həyatında, iqtisadi inkişafında fəallıqları ilə seçilən qadınlara daim qayğı ilə yanaşıb, onların cəmiyyətdəki rolunu yüksək dəyərləndirib. Ulu Öndərin respublikaya rəhbərliyinin hər iki dövründə qadınların siyasi-ictimai fəallığı artırıb. Bu gün Prezident İlham Əliyev də daim qadın əməyinə, onların hüquqlarının qorunmasına, istirahətlərinin təşkilinə diqqətlə yanaşır. Görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.
Vurğulanıb ki, Şərqdə ilk dəfə səsvermə hüququ əldə edən Azərbaycan qadınının sorağı indi ən möhtəşəm beynəlxalq təşkilatlardan gəlir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəallıq göstərən qadınlara rayon icra hakimiyyətinin fəxri fərmanları təqdim olunub.
Sonda respublikanın tanınmış incəsənət ustalarının ifasında konsert proqramı nümayiş etdirilib.