Abşeron Rayon İcra Hakimiyyətində Xocalıdan olan məcburi köçkün və şəhid ailələri ilə görüş keçirilib
Mədəniyyət Mərkəzində keçirilən Xocalı soyqırımına həsr olunmuş anım mərasimində rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak ediblər.
Mərkəzin foyesində təşkil olunmuş rəsm sərgisi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbir şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. Daha sonra Xocalı həqiqətlərindən bəhs edən videoçarx nümayiş olunub.
Anım mərasimində Abşeron Rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivlərinin ifasında Şükufə Musayevanın əsərinin motivləri əsasında hazırlanmış “Qanlı tarix” kompozisiyası təqdim edilib.
Sonra rayon İcra Hakimiyyətində Abşeronda məskunlaşan Xocalıdan olan məcburi köçkün və şəhid ailələri ilə görüş keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova Xocalı soyqırımından, eləcə də Azərbaycanın digər ərazilərində tarixi düşmənlərimiz tərəfindən törədilən qətliamlardan, erməni vəhşiliklərinin dünyanın bir sıra ölkələri tərəfindən soyqırımı kimi tanınmasından danışıb. Bildirilib ki, hər il bu faciənin ildönümü respublikamızda və dünyanın müxtəlif ölkələrində ürəkağrısı ilə qeyd olunur. İ.Gülməmmədova faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının uğurlu nəticələr verdiyini vurğulayıb.
Qeyd edilib ki, dövlət tərəfindən həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunub. Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatları tərəfindən etiraf olunur.
Daha sonra Xocalıdan olan məcburi köçkün və şəhid ailələrinin üzvləri çıxış edib, o dəhşətli gecə ilə bağlı acı xatirələrini bölüşüblər.
Sonda Xocalıdan olan ailələrə maddi yardım verilib.