Abşeron: inkişaf dinamik xarakter almışdır
Son illər Abşeron rayonunun kənd və qəsəbələri, Xırdalan şəhəri günbəgün gözəlləşir. Rayonda yeni, modern infrastruktur layihələri həyata keçirilir. Küçələr, yollar, parklar abadlaşdırılır. Rayon əhalisi abadlıq-quruculuq prosesində böyük həvəslə iştirak edir.
Elliklə görülən işin, təbii ki, bəhrəsi də çox olur. Xırdalan sakini, uzun illər yaxından tanıdığım bir ağsaqqal söhbət zamanı dedi ki, son illər rayonda əldə olunan bu parlaq uğurlar, ilk növbədə, Azərbaycan dövlətinin ölkəmizin başqa bölgələri kimi, Abşeron rayonuna da göstərdiyi böyük diqqət və qayğının nəticəsidir.
Təqdirəlayiq haldır ki, Abşeron rayonunun rəhbərliyi, rayonun əmək kollektivləri gərgin səy, zəhmət hesabına əldə olunan bu qələbələri gələcəkdə daha da artırmaq, yeni zəfərlərə nail olmaq əzmindədir. Axı, qarşıda daha böyük vəzifələr durur. Deməli, daha gərgin, daha səmərəli çalışmaq lazımdır.
2017 – islahatlar ili
Bu günlərdə Abşeron Rayon İcra Hakimiyyətində 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova tədbirdə geniş məruzə ilə çıxış etmişdir.
Məruzəçi öncə ölkəmizdə ötən il əldə olunan böyük uğurlardan bəhs etmişdir. Qeyd etmişdir ki, 2018-ci il yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunları ilə bağlı konfrans keçirilmişdir. Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev bildirmişdir ki, 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf etmiş, əldə edilmiş nəticələr Azərbaycanın ümumi inkişafına böyük töhfə vermişdir.
Ötən il Azərbaycanda iqtisadi sahədə xüsusilə önəmli addımlar atılmışdır. 2017-ci il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaqdır. Qəbul edilmiş qərarlar, qanunlar, imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirmişdir. Görünən budur ki, dünyanın müxtəlif yerlərində risklərin, təhlükələrin artdığı, qanlı münaqişələrin, qarşıdurmaların geniş vüsət aldığı bir vaxtda Azərbaycan xalqı sabit və təhlükəsiz şəraitdə yaşamışdır.
Məruzədə vurğulanmışdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin ötən il 3 dəfə Abşeron rayonuna səfər edərək, Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin, Masazır kəndində orta məktəb binasının, Corat-Novxanı və Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının açılışlarında iştirakı Abşeron rayon əhalisində böyük ruh yüksəkliyi yaratmış, qurub-yaratmaq əzmini daha da artırmışdır.
Uğurlu nəticələr
Rayon icra hakimiyyətinni başçısı İradə Gülməmmədova hesabat yığıncağında qeyd etmişdir ki, 2017-ci il Abşeron rayonu üçün də uğurlu illərdən biri olmuşdur. Belə ki, 2017-ci ildə rayonda həm kənd təsərrüfatı, həm də emal sənayesi sahələrində məhsul istehsalının həcmi xeyli artmışdır.
Gəlin, rayon üzrə bir sıra əsas göstəricilərə diqqət yetirək. Ötən il rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 22365 baş, davarın sayı 110218 baş olmuş, quşların sayı isə 1 milyon 54 min başa çatmışdır. Ötən dövr ərzində 2215 ton ət, 49 min ton süd, 2430 sentner yun istehsal olunmuşdur. Yumurta istehsalı 210 milyon ədədə çatmışdır. Hesabat dövründə 73.7 min ton tərəvəz toplanılmışdır.
Rayonda ötən il sənaye məhsulunun həcmi 60 faiz artaraq 195,3 milyon manata çatmışdır. İstehsal olunmuş sənaye məhsulunun 73,8 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Hazırda rayonda ümumi investisiya dəyəri 79 milyon manat olan Hökməli qəsəbəsində “Şahin Dəri” MMC tərəfindən dəri emalı, Məmmədli kəndində “Konform” MMC tərəfindən metal məmulatlar istehsalı, Saray qəsəbəsində “Attariki” MMC tərəfindən radiator istehsalı, Xırdalan şəhərində “Azdersan” MMC tərəfindən kişi və qadın dəri üst geyimləri, Məmmədli kəndində “Çıraq İnşaat” MMC tərəfindən əlvan metal məmulatlar istehsalı və başqa müəssisələrin yaradılması üzrə işlər davam etdirilir.
Tikinti-quruculuq işləri vüsət alır
Bu gün Abşeron rayonu geniş tikinti meydançasını xatırladır. Hara getsən, hara baxsan, orada tikinti-quruculuq işlərin getdiyinin şahidi olursan. Özü də bu işlər böyük zövqlə, Abşeronun tarixi memarlıq ənənələrinə uyğun olaraq həyata keçirilir.
2017-ci ilin ötən dövrü ərzində rayon ərazisində tikinti sektorunda işlər daha da canlanmış, sahibkarlar tərəfindən rayonun Xırdalan şəhəri, Saray, Ceyranbatan qəsəbələri və Masazır kəndi ərazisində çoxmənzilli yaşayış binalarının tikintisi işləri davam etdirilmişdir.
Ötən il Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. Azərbaycan hökuməti ilə Səudiyyə İnkişaf Fondunun birgə maliyyələşdirdiyi, dəyəri 108 milyon manat olan layihə çərçivəsində 2 il ərzində 168 kilometr uzunluğunda içməli su xəttinin, 110 kilometr uzunluğunda isə kanalizasiya xəttinin çəkilməsi nəzərdə tutulur. Layihənin icrasına başlanıldığı 2017-ci ilin iyul ayından bugünə qədər 47 kilometr su, 18 kilometr uzunluğunda kanalizasiya xətti çəkilib və hazırda bununla bağlı işlər davam etməkdədir.
Bundan əlavə, ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına Novxanı kəndində yeni magistral içməli su və kanalizasiya xətləri çəkilib istifadəyə verilmiş, Pirəkəşkül, Qobustan kəndlərində içməli su çəkilişi işləri başa çatdırılmış, Mehdiabad və Digah qəsəbələrində isə kanalizasiya xətlərinin yenilənməsi işləri davam etməkdədir.
Elektrik enerjisi ilə təminat yaxşılaşdırılır
2017-ci ildə rayon əhalisinin elektrik enerjisi ilə təminatı sahəsində də bir sıra layihələr həyata keçirilmişdir. Qobu qəsəbəsində 110 kilovotluq, Xırdalan şəhərində və Masazır kəndinin hər birində 35 kilovoltluq yeni yarımstansiyalar inşa olunmuş, hazırda Xırdalan şəhərində 110 kilovoltluq və 35 kilovoltluq daha iki yarımstansiyanın tikintisində son tamamlama işləri həyata keçirilməkdədir. Qobu 110 kilovoltluq yarımstansiyasına Qobu və Hökməli qəsəbələrinin qoşulması təmin edilmiş və Güzdək qəsəbəsinin də gələcəkdə bu yarımstansiyaya qoşulması üçün yeni transformator məntəqəsi tikilmişdir.
Digah qəsəbəsində elektrik enerjisi verilişinin Binəqədineftdən ayrılaraq Fatmayı yarımstansiyasının üzərinə keçirilməsi nəticəsində qəsəbədə elektrik təchizatı ilə bağlı problemlər aradan qaldırılmışdır. Xırdalan şəhərində 3 yarımstansiyanı birləşdirəcək dairəvi 35 kilovoltluq xəttin çəkilişi işləri başa çatmış, hazırda Hökməli, Aşağı Güzdək, Saray qəsəbələrində, Masazır, Məmmədli, Fatmayı və Görədil kəndlərində daxili elektrik təsərrüfatlarının yenidən qurulması işləri həyata keçirilir.
Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Saray, Ceyranbatan, Qobu, Hökməli, Masazır, Novxanı və Pirəkəşkül yaşayış məntəqələrində müxtəlif diametrli 4546 paqonmetr uzunluğunda yeni təbii qaz xətləri çəkilmiş, 13 ədəd qaz tənzimləyici şkaf və 8084 ədəd sayğac quraşdırılmışdır. Qeyd etmək lazımdır ki, son illər Abşeron rayonunun kənd və qəsəbələrində əhalinin içməli su ilə təminatında da davamlı işlər görülmüşdür.
Gözəl və rahat yollar
Abşeron rayonunda son illər yol tikintisi böyük vüsət alımışdır ki, bu da rayon əhalisinin dərin razılığına səbəb olmuşdur. “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq və ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ayrılmış vəsait hesabına ötən il Mehdiabad-Digah-Məmmədli, Mehdiabad-Novxanı və Lökbatan-Qobu yollarının əsaslı yenidən qurulması işləri həyata keçirilmişdir. Novxanı kəndindən Sumqayıt şəhərinə gedən 2,5 kilometrlik yolda rayonun daxili imkanları hesabına genişləndirmə işləri aparılaraq asfalt örtük verilmişdir.
Bakı-Şamaxı, Bakı-Quba magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 7 yerdə yerüstü piyada keçidi quraşdırılmışdır. Bundan əlavə, rayonun daxili imkanları hesabına Xırdalan, Ceyranbatan, Saray, Masazır, Hökməli, Məmmədli, Novxanı yaşayış məntəqələrində daxili yollarda asfaltlama işləri həyata keçirilmişdir.
Rayon ərazisində Hökməli-Qobu, Mehdiabad-Fatmayı, Mehdiabad-Novxanı, Mehdiabad-Digah-Məmmədli avtomobil yollarının kənarlarında abadlaşdırma işləri görülmüş, ümumilikdə, yol kənarlarında, parklarda və digər ərazilərdə 50 mindən çox zeytun, xan çinar, şam və digər növ ağaclar əkilmişdir. Mehdiabad qəsəbəsində və Məmmədli kəndində parklar yenidən qurularaq istifadəyə verilmişdir.
Sahibkarlığa geniş meydan açılıb
Abşeron rayonunda sahibkarlığın inkişafına böyük qayğı ilə yanaşılır. İş adamları, təbii ki, bu qayğıdan ruhlanırlar. 2017-ci ildə sahibkarlar tərəfindən 179 milyon manat dəyərində özəl investisiya qoyulmuşdur. 68 hüquqi, yaxud fiziki şəxs tərəfindən həyata keçirilən və ümumi dəyəri 250 milyon manat olan investisiya layihələrinin icrası nəticəsində rayonda 4 minə yaxın yeni iş yerinin yaradılması təmin ediləcəkdir.
2017-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara investisiya layihəsi üçün 26 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələrin icrası nəticəsində 658 yeni iş yeri yaradılmışdır.
Ötən il 142 hektar sahədə müasir tipli istixana kompleksi inşa olunmuşdur. Burada artıq pomidor, xiyar və digər tərəvəz məhsullarının istixana şəraitində yetişdirilməsinə başlanılmışdır.
Eyni zamanda, ötən il Xəzər rayonunun Abşeron rayonuna təhkim olunmuş 3570 hektar torpaq sahəsində “Grand-Aqro” MMC tərəfindən aqropark yaradılması istiqamətində işlərə başlanmışdır. Bu məqsədlə 8 kilometr uzunluğunda su xətti çəkilmiş, 70 min kubmetr tutumu olan hovuz tikilmiş və 80 hektar sahəyə damla üsulu ilə suvarma sistemi quraşdırılaraq 58 min ədəd badam tingi əkilmişdir. Bu il aqropark ərazisində 2370 hektar sahədə zeytun, 130 hektar sahədə badam bağı salınması, həmçinin zeytun emalı müəssisəsinin tikilərək, işçilərin sayının 200 nəfərə çatdırılması nəzərdə tutulur.
Sahibkarlığın inkişafı rayonda yerli vergi daxilolmalarının artımına da səbəb olmuşdur. 2018-ci il də daxil olmaqla, artıq 7 ildir ki, Abşeron rayonu dotasiya almadan yerli gəlirlər hesabına öz xərclərini maliyyələşdirir və bu il öz xərclərindən əlavə, 23 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur.
Qaçqın və məcburi köçkün ailələrinə qayğı artıb
Rayonda vətəndaşların rifahının yüksəlməsinin başlıca şərti olan işsizlik probleminin aradan qaldırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. 2017-ci ildə rayon məşğulluq mərkəzinin xətti ilə 997 nəfər işə düzəlmiş, 318 nəfərə işsizlik statusu verilərək müavinət təyin olunmuş, mərkəzin qeydiyyatında olan 72 nəfər qeyri-məşğul vətəndaş müxtəlif peşələr üzrə kursa göndərilmişdir.
Əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılmış, rayon icra hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan 226 ailəyə 56300 manat yardım göstərilmişdir. Rayonun Məmmədli kəndində Qarabağ əlili üçün 131 kvadratmetr sahəsi
olan 4 otaqlı ev tikilib istifadəyə verilmişdir.
Ölkəmizin işğal olunmuş ərazilərindən olan və rayonda məskunlaşmış 42 min nəfərdən çox məcburi köçkünün həyat şəraiti də daim diqqət mərkəzində saxlanılır. Hər il olduğu kimi, 2017-ci ildə də işğal altında olan rayonların şəhid ailələri ilə görüşlər keçirilmiş və onlara maddi kömək edilmişdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə keçirilmiş 9 mart 2017-ci il tarixdə qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr edilmiş müşavirənin nəticəsi olaraq rayon ərazisində məcburi köçkünlərin mənzillə təminatı sahəsində çox ciddi işlər görülmüşdür. Mehriban xanım Əliyevanın bu il iki dəfə Abşeron rayonu ərazisində inşa olunmuş 6 çoxmənzilli yaşayış binasının açılışında iştirakı məcburi köçkünlərə göstərilən diqqət və qayğının əyani təzahürüdür. Ötən il Bakı şəhərinin Xəzər, Xətai və Binəqədi rayonlarından olan, qəzalı binalarda və ağır şəraitdə yaşayan 1190 nəfər məcburi köçkün Masazır və Mehdiabad ərazisində inşa olunmuş binalarda mənzillərlə təmin edilmişdir.
Valideyn himayəsindən məhrum olmuş kimsəsiz məzunların yerləşdirilməsi üçün Masazır kəndində 120 mənzilli yaşayış binasının tikintisində də son tamamlama işləri görülür. Yaxın vaxtlarda binanın açılışı, əlavə olaraq, daha bir 12 mərtəbəli yaşayış binasının və orta məktəb binasının təməlinin qoyulması nəzərdə tutulur.
Təhsil və səhiyyə sahələri də diqqət mərkəzindədir
2017-ci ildə rayonun təhsil müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir.
Masazır kəndində 1200 şagird yerlik məktəb binası, dövlət investisiya xərcləri hesabına Masazır kəndində və Aşağı Güzdək qəsəbəsində körpələr evi-uşaq bağçası tikilib istifadəyə verilmiş, rayonun daxili imkanları hesabına Xırdalan şəhərinin 1 və 15 saylı uşaq bağçalarının binaları təmir edilərək ətrafı abadlaşdırılmışdır. Mehdiabad qəsəbəsində 1200 şagird yerlik müasir tipli məktəb binasında da işlər başa çatdırılmışdır.
Ötən dövr ərzində əhalinin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, 2017-ci ilin fevral ayından may ayınadək 152390 sakin tibbi müayinədən keçirilmişdir. Müayinənin nəticəsi olaraq 2006 nəfər xəstəyə ambulator müalicə təyin edilmiş, 733 nəfər isə stasionar müayinə və müalicəyə göndərilmişdir.
2017-ci ildə rayonda mədəniyyət müəssisələrinin fəaliyyəti də xeyli canlandırılmış, keçirilən bayram tədbirlərində respublikanın tanınmış musiqiçilərinin və rayonun özfəaliyyət kollektivlərinin əhali qarşısında rəngarəng çıxışları təşkil olunmuşdur.
Rayon icra hakimiyyəti və onun struktur bölmələrinin fəaliyyətində vətəndaşların müraciətlərinə, təklif, ərizə və şikayətlərinə baxılması mühüm yer tutur. Müraciətləri doğuran səbəblər mütəmadi təhlil olunur, qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara vaxtında və konkret cavablar verilir.
Bəli, Abşeron Rayon İcra Hakimiyyətinin rəhbərliyi bütün qüvvələri səfərbər edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələri dərindən təhlil etməklə, qarşıda duran mühüm tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olmağa çalışır. İnanırıq ki, abşeronlular bundan sonra da onlara göstərilən etimadı doğruldacaqlar.
Səməd HÜSEYNOĞLU,
“Xalq qəzeti”nin bölgə müxbiri