Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirilib

02 fevral 2018 | 16:00

2 fevral 2018-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə tədbir keçirilib.
Əvvəlcə mərasim iştirakçıları Heydər Əliyev Mərkəzində ümummilli liderin büstü önünə gül dəstələri qoyub, xatirəsini anıblar.

Rayon rəhbərliyi, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının fəal üzvlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova ilk öncə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edərək, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzulayıb.

İradə Gülməmmədova Azərbaycanın dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixdə “2 fevral – Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncam imzalandığını qeyd edərək, onun qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu gün də gənclər gününün böyük coşqu ilə qeyd edildiyini bildirib. Ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun beynəlxalq arenada layiqli yer tutmasına təkan verən gənclər siyasətinin banisinin Ulu Öndər Heydər Əliyev olduğunu diqqətə çatdıran İradə Gülməmmədova , gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ümummilli Liderin 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə ölkəmizdə hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən birinin gənclərin hüquqlarını müdafiə edən ilk dövlət qurumunun – Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması olduğunu xüsusilə vurğulayıb. Ulu Öndərimiz Heydər Əliyev daim gənclərə böyük inam göstərir, onların qüvvəsinə güvənərək vurğulayırdı: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz, Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq.”

Gənclərin hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildirən natiq, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərdiyini, dövlətin gənclər siyasətinin onun rəhbərliyi ilə yeni mərhələdə daha da inkşaf etdiyini diqqətə çatdırıb.

Çıxışı zamanı Abşeronda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan İcra başçısı qeyd edib ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırki səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.

Daha sonra, Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin adından “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə fəxri fərman və hədiyyələr təqdim olunub.

Tədbir tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirilib.

 

Keçidlər