Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət və turizm naziri Xırdalan şəhərində vətəndaşlarla görüşüb

30 yanvar 2018 | 16:00

Yanvarın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xırdalan şəhərində vətəndaşlarla görüşüb.

Nazir Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə nazir Əbülfəs Qarayev və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla anıblar.

Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Sumqayıt sakinləri şəhərdəki Heydər Əliyev Mərkəzində ödənişli xidmətlərin göstərilməsi, “Kimyaçı” mədəniyyət sarayının nəzdində filarmoniyanın yaradılması, beynəlxalq dekorativ sənət ustalarının festivalının keçirilməsi, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi və stimullaşdırılması məqsədilə auksion mərkəzinin təşkili, regionda fəaliyyət göstərən turizm obyektləri haqqında məlumat bazasının yaradılmasını xahiş ediblər.

Abşeron rayonundan qəbula yazılan vətəndaşların müraciətləri ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə bağlı film çəkilişlərinə kömək göstərilməsi, tanınmış kino aktyoru Bahadır Əliyevin 85 illik yubileyinin keçirilməsi, mərkəzi kitabxana üçün yeni binanın tikilməsi və işlə təminat barədə olub.

Xızı sakinləri rayonda turizmyönümlü peşə məktəbinin yaradılması, rayonda fəaliyyət göstərən uşaq musiqi məktəbinin filialının açılması və digər məsələlərlə bağlı müraciət ediblər.

Qubadlı sakinlərinin xahişləri musiqi məktəbinə musiqi alətlərinin verilməsi, Sumqayıt şəhərində məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli binaların birinci mərtəbəsində muzey üçün yerin ayrılmasına kömək göstərilməsi barədə olub.

Şuşa sakinləri tərəfindən "Şuşanın dağları" ansamblına xalq kollektivi adının verilməsi, musiqi alətləri ustası Musa Yaqubovun hazırladığı alətlərin təbliği, eləcə də işlə təmin olunma ilə bağlı xahişlər edilib.

Nazir Zəngilan rayonlarının sakinlərinin işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlərini də dinləyib.

Qəbulda vətəndaşların müraciətlərinin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində dövlətimizin başçısının tapşırığı ilə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini diqqətə çatdıraraq deyib: “Bildiyiniz kimi, hər ay ölkəmizin müxtəlif bölgələrində vətəndaşlarla görüşlər keçirilir. Onlar tərəfindən maraqlı təkliflər, müraciətlər səsləndirilir. Belə görüşlər ümumi işimizə, fəaliyyətimizə öz təsirini göstərir. Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər səsləndirildi. Sumqayıt şəhərində əl işləri festivalının keçirilməsi, musiqi məktəblərində yeni tədris sisteminin, kitabxanalarda yeni texnologiyaların tətbiqi kimi məsələlər diqqətə çatdırıldı”.

Regionlarda turizmin inkişaf etdirilməsinin dövlət başçısının daim diqqət mərkəzində olduğunu deyən Əbülfəs Qarayev bütün qəbullarda bununla bağlı səslənən təkliflərin nəzərdən keçirildiyini bildirib: "Çox sevindirici haldır ki, Sumqayıt və Abşeron bölgəsi artıq turizm baxımından əlverişli məkana çevrilir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizdə nəqliyyat sisteminin təkmilləşdirilməsi, turizm sənayesinin inkişafı və digər lazımi infrastrukturun yaradılması təmin olunub. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu bölgədə turizm zonasının yaradılması istiqamətində iş aparılır. Xarici mütəxəssislər cəlb olunub, müvafiq layihə hazırlanmaqdadır. Layihənin yay aylarına qədər hazır olması nəzərdə tutulur".

Keçidlər