Abşeron rayonunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirildi
Öz azadlığını əldə edənəcən xalqımız çox ağır, əzablı mübarizə yolu keçmiş, böyük faciələrlə üzləşmiş və hədsiz qurbanlar vermişdir. 1990-cı ilin 20 Yanvar faciəsi də o dövrdə kütləvi qırğın günü kimi tarixə yazılmışdır. Həmin qanlı hadisələrdən 28 il keçməsinə baxmayaraq, bu gün ölkəmizin hər yerində əbədiyaşar ömür qazanmış 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbirlər keçirilir.
O dəhşətli gündə bir nəfər şəhid verən və 8 nəfər əlili olan Abşeron rayonunda da çoxsaylı tədbirlər keçirilib. Rayonun mədəniyyət ocaqlarında, təhsil müəssisələrində 20 Yanvar gününə həsr olunmuş bədii gecələr keçirilmiş, tamaşalar oynanılmışdır. Həmin qanlı hadisələrlə bağlı foto və rəsm sərgiləri nümayiş edilmişdir.
Xırdalan şəhərində şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksinin qarşısında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova, rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Anım mərasimində Azərbaycan xalqına qarşı həyata keçirilən terror aktı haqqında məlumat verilib. Bildirilib ki, 20 Yanvar hadisələrində yüzlərlə günahsız insan qətlə yetirilib və yaralanıb.
Sonda rayon mədəniyyət şöbəsinin özfəaliyyət kollektivinin səhnələşdirdiyi bədii kompozisiya təqdim olunub.
Mərasim rayon ictimaiyyətinin nümayəndələrinin "Şəhidlər" abidə kompleksi önünə tər çiçəklər düzməsi ilə yekunlaşıb.
Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin!