Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Abşeronda vətəndaşları qəbul edib
Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq yanvarın 26-da nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Abşeron rayonunda region üzrə vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
İcra başçısı xanım İradə Gülməmmədova, nazir Ramin Quluzadəyə Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri, rayonda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Daha sonra isə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq gəzintisi olub.
Mərkəzdə keçirilən qəbulda R.Quluzadə Abşeron, Qubadlı, Şuşa, Zəngilan rayonlarının və Sumqayıt şəhərinin sakinlərinin müraciətlərinə baxıb. Vətəndaşlar əsasən telekommunikasiya, internet, poçt xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı müraciət ediblər.
Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərə dair müraciətlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.