Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunun 50 illik yubileyi təntənəli surətdə qeyd edilmişdir

02 may 2013 | 15:00

30.04.2013-cü il tarixdə , Abşeron rayonunun 50 illik yubileyi təntənəli surətdə qeyd olunmuşdur.Möhtəşəm yubiley şənliyi Xırdalan şəhərinin mərkəzində yaradılmış meydanda keçirilmişdir.

Tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüranın səslənməsi ilə başlamışdır. Səhnələşdirilmiş kompozisiyada Azərbaycanın cazibədar, tarixi keçmişi və inkişafı ilə şöhrət qazanmış yerlərindən birinin də Abşeron olduğu göstərilmişdir. Abşeron bir inzibati rayon kimi 1963-cü ilin yanvarında yaradılaraq özündə 7 qəsəbə və 22 yaşayış məntəqəsini birləşdirmişdir. Bununla da çox böyük həcmdə iqtisadi, sosial, mədəni və insan kapitalı çoxmillətli rayonun təkrarsız və bənzərsiz həyat tərzini əsasını təşkil etmişdir.
Bu gün öz keçmişi ilə öyünən Abşeron bir rayon kimi sürətlə inkişaf edir. Elə buna görədir ki, burada hər bir sahəyə, o cümlədən təhsilin inkişafına çox ciddi diqqət yetirilir. Bu gün mövcud olduğu regionun liderinə çevrilən və bu statusunu yeni nailiyyətlər hesabına davamlı şəkildə möhkəmləndirən Azərbaycan inkişafında daha böyük müvəffəqiyyətlərə imza atmaqdadır.
Bütün bunları səhnələşdirilmiş kompozisiyadan aydın görmək olardı.
Tədbir möcüzəli keçid musiqisi ilə davam etdirilmişdir. Burada ləpələnən dənizin görüntüləri, vulkan püskürmələri rayonun coğrafi, tarixi mövqeyini özündə əks etdirən səhnələr bir-birini əvəz etmişdir. Klassik musiqi ritmlərinin sədaları altında qədim insanların məşğuliyyətini nümayiş etdirən səhnəciklər göstərilmişdir. Abşeron rayonu ərazisindən tapılan qədim insan məskənləri, tunc və erkən dəmir dövrlərinə aid saysız-hesabsız kurqanlar barədə ətraflı məlumat verilmişdir. Meydana daxil olan qədim insanlar əllərində nizə, ox, kaman və ovlarını nümayiş etdirməklə rəqs etmişlər.
Bu yerlərin qədim tarixini əks etdirən maraqlı səhnələrdən biri də Herodotun Yanar dağa gəlişi idi. Azərbaycanın Odlar Yurdu olmasına şahidlik edən Yanar dağın ətəyində alovlanan təbiət abidəsi tarixin atası sayılan Herodotun da marağına səbəb oldu. Eramızdan əvvəl yaşamış mütəfəkkir öz qeydlərində Yanar dağ və yaxın ərazilərdə yaşayış məskənlərinin olması barədə məlumatlar verir…
Eramızdan əvvəl 1-ci əsrdə Roma ordusunun Azərbaycana hücumunu önə çəkən səhnə isə işğalçılarla rəşadətlə vuruşan qoşunlarımızın qələbəsi və romalıların qaçması səhnəsi ilə başa çatır.
Abşeronun qədim tarixə malik olduğunu göstərən simvollardan biri də dəvə karvanıdır. Soltan Hacıbəyovun “Karvan” simfonik muğamının sədaları altında meydana dəvələr daxil olmuşdur. Üstündə parça və mis qablarla dolu xurcunlar Azərbaycana, qədim İpək Yolunun bir parçası olan diyara gətirilir. Nümayiş olunan səhnəciklərdə Nuru Paşanın gəlişi və ardınca isə 15 metr uzunluqda olan Azərbaycan bayrağının meydana gətirilməsi alqışlarla qarşılanmışdır.
Tədbir sərhəd qoşunlarının nümunəvi çıxışları ilə davam etmişdir. Həmçinin meydanda müxtəlif növ idman oyunları göstərilmişdir.
Dünya şöhrətli bəstəkar Qara Qarayevin bəstələdiyi musiqinin sədaları altında səsləndirilən mətnlərdə ecazkar Abşeron torpağının yetişdirdiyi adlı-sanlı şəxsiyyətlərin unudulmaz xatirəsi anılmışdır.
“N” saylı hərbi  hissənin əsgərləri hərbi marşın sədaları altında meydana daxil olduqdan sonra rayonun ayrı-ayrı idarə və təşkilatlarının, dövlət və özəl sektorları müəssisələrinin nümayəndələri bayram keçidi ilə tamaşaçıların qarşısından keçmişlər.Sonra təntənəli mərasim Abşeron rayon mədəniyyət evində davam etmişdir.Əvvəlcə rayonun inkişafını əks etdirən videofilm nümayiş olunmuşdur.
Mərasim iştirakçılarını təbrik edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcov bildirmişdir ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs nəticəsində ölkəmiz, onun hətta ən ucqar bölgələrinin siması dəyişərək Azərbaycanın modern dövlətə çevrilməsini təmin etmişdir. Azərbaycanın sürətli tərəqqisini özündə əks etdirən, inkişaf və quruculuğun əsas ünvanlarından birinə çevrilən Abşeron rayonu bu gün intibahının yeni keyfiyyət mərhələsini yaşamaqdadır.
Zakir Fərəcov çıxışında bildirmişdir ki, Abşeron ölkəmizin ən iri sənaye və kənd təsərrüfatı rayonlarından biridir. Son illərdə görülmüş işlər nəticəsində Abşeron rayonunun siması daha da gözəlləşib və burada təkcə ölkəmizdə deyil, bütün regionda analoqu olmayan bir sıra memarlıq abidələri, sosial obyektlər yaradılmışdır.
Yubiley mərasimində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Abşeron rayonunun inkişafında böyük xidmətlərinə təltif olunan abşeronlulara fəxri adlar və medallar təqdim edilmişdir.Mərasim respublika incəsənət ustalarının bayram konserti ilə davam etmişdir.

Sonra şənlik iştirakçıları mədəniyyət evinin foyesində təşkil olunmuş ziyafətə dəvət edilmişlər.
Abşeron rayonunun 50 illik yubileyinə həsr olunmuş bayram şənliyi möhtəşəm atəşfəşanlıqla başa çatmışdır. Xırdalan sakinləri bu əsrarəngiz gözəlliyi seyr etmək üçün özlərinin sevimli istirahət güşələri olan Heydər Əliyev parkına axışmışlar. Axşam səması əlvan rənglərə boyanmışdır.

Keçidlər