Dövlət Bayrağı Günü Abşeronda böyük coşqu ilə qeyd edilib
Abşeronun “Bayraq günü”ndə 5500-dən çox insanın yürüşü baş tutub.
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Abşeron rayonunda yürüş keçirilib. Rayon İcra Hakimiyyəti binasının qarşısından start götürən yürüşün iştirakçıları Heydər Əliyev prospektindən, Zərifə Əliyeva və Qalubiyyə küçələrindən keçməklə Heydər Əliyev parkına doğru hərəkət ediblər. Yürüş Bayraq Meydanında başa çatıb. Marşrut boyu yaşayış binalarında üçrəngli bayrağımız dalğalanıb. İştirakçılar “cəngi” sədaları altında əllərində üç rəngli bayrağımızı tutaraq yol boyu bayram əhval-ruhiyyəsi yaradıblar.
Bayram tədbirində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bayramsayağı bəzədilən parkda böyük coşqu yaşanıb. Xalqımızın qürur mənbəyi və iftixarı, dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız bütün tədbir iştirakçılarının əllərində dalğalanırdı. Bayraq meydanında quraşdırılan böyük monitorda Azərbaycan bayrağına həsr olunan videogörüntülər nümayış etdirilib.
Sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə bayram konserti təqdim olunub. Abşeronda fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət məktəbləri şagirdlərinin rəqsləri və ədəbi bədii kompozisiyası bayrama əlavə şənlik qatıb.