Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlara 5,6 milyon manat güzəştli kredit verilib
Tədbirdə Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev, Abşeron rayonunun kənd və qəsəbələrində fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun oktyabrın 5-də Abşeron rayonunun Xırdalan şəhərində keçirdiyi işgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,6 milyon manat güzəştli kredit verilib.
Kreditlər heyvandarlıq, quşçuluq, müasir istixana kompleksinin yaradılması, tara, tikinti materialları, yapışqan lent istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 160-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forumda Abşeron rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, müasir istixana kompleksinin, zeytunçuluq və badamçılıq təsərrüfatlarının, tara istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Forum çərçivəsində, həmçinin sahibkarlara startap layihələrinin mahiyyəti və dövlətin güzəştli kreditləri hesabına dəstəklənməsinə dair təqdimat keçirilib və belə layihələrin güzəştli qaydada maliyyələşdiriləcəyi bildirilib.
Toplantıda çıxış edən İlham Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Abşeron rayonunda da yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib. Abşeron rayonunda sahibkarlığın daha da inkişafı üçün hər cür şəraitin yaradıldığını, bunun nəticəsində bir neçə müəssisənin fəaliyyətə başladığını qeyd edən İ.Quliyev vurğulayıb ki, rayonda əhali sayının sürətlə artması yeni-yeni sahibkarlıq istiqamətlərinin formalaşdırılması üçün əlavə imkanlar yaradıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev tədbir iştirakçılarına güzəştli kreditlər hesabına regionlarda, eləcə də Bakı şəhəri və onun qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, bu ilin ötən dövrü ərzində 1270 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 96,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə reallaşdırılan investisiya layihələri 3900-dək yeni iş yerinin açılmasına imkan yaradır.
Tədbir çərçivəsində Abşeron rayonunda tikinti materiallarının istehsalı müəssisəsinə və müasir istixana kompleksinə baxış keçirilib. Ümumilikdə, Abşeron rayonu və Bakı qəsəbələrində 37 müasir istixana kompleksinin yaradılmasına 116,3 milyon manat güzəştli kredit verilib. Artıq 32 istixana istifadəyə verilib.