Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda 15 sentyabr "Bilik günü" qeyd olundu

15 sentyabr 2017 | 16:00

15 sentyabr - Bilik günü münasibətilə Abşeron rayonunun təhsil ocaqlarında bayram tədbirləri keçirilib. Bu il rayon üzrə 6632 şagird üçün ilk dəfə məktəb zəngi çalınıb.

10 il uğurla fəaliyyət göstərən, rayonun qabaqcıl məktəbləri sırasında qərarlaşan Saray qəsəbə 3 nömrəli məktəbdə bu gün bayram əhval-ruhiyyəsi hökm sürürdü. Yeni dərs ilinin açılışında iştirak edən qonaqlar arasında təhsil nazirinin müavini Mətin Eynullayev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, rayon ictimaiyyətinin nümayəndələri və valideynlər də vardı.

Əvvəlcə dövlət himni səslənib, meydana Azərbaycan bayrağı gətirilib. Keçən dərs ilində Saray 3 nömrəli qəsəbə məktəbində 1432 şagird biliyə yiyələnib. Ümumi orta təhsili 81, tam orta təhsili isə 57 nəfər uğurla başa vurub. Bu barədə məlumat verən Saray qəsəbə 3 nömrəli məktəbin direktoru, Əməkdar Müəllim Təyyubə Hüseynova qeyd edib ki, bu il 1-ci sinfə 190 nəfər qəbul olunub. O qeyd edib ki, ötən il məktəbi bitirən 57 məzundan 70 faizi respublikanın ali və orta ixtisas məktəblərinə daxil olub. Abituriyentlərdən üçü 600-dən, on nəfəri isə 500-dən yuxarı nəticə əldə edib. Bir məzun məktəbi qızıl medalla bitirib. Fənn olimpiadalarının zona turunda 4 şagird, respublika turunda isə 1 şagird qalib olub.

Təhsil nazirinin müavini Mətin Eynullayev şagirdləri və müəllim kollektivini təbrik edərək ölkəmizin hər bir yerində müasir standartlara cavab verən təhsil ocaqlarının tikildiyini, bunun isə öz növbəsində gənc nəslin savadlı və sağlam əqidəli, vətənpərvər ruhda formalaşmasına xidmət etdiyini diqqətə çatdırıb. O, bu il məktəb həyatına ilk dəfə qədəm qoyan birincilərə dövlətimiz və cəmiyyətimiz üçün layiqli, savadlı vətəndaş olaraq yetişmələrini arzulayıb.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova pedaqoji kollektivi yeni dərs ili münasibətilə təbrik edərək onlara uğurlar diləyib. Vurğulayıb ki, 2016-2017-ci dərs ili məzunlarının ali məktəblərə qəbul göstəriciləri keçən illərə nisbətən yüksəlib. Belə ki, cari dərs ilində rayonun ümumtəhsil məktəblərindən 1523 nəfər (73,4 faiz) ali məktəblərə sənəd verib, 1007 məzundan 956 nəfəri respublikanın ali məktəblərinə, 51 nəfəri isə xarici ölkələrin ali təhsil ocaqlarına qəbul olub. Yəni sənəd verənlərdən 66,1 faizi tələbə adını qazanıb. İmtahanların nəticələrinə əsasən, 65 məzun 600-dən çox bal toplayıb. Rayonda ardıcıl üç ildir ki, ali məktəblərə qəbul zamanı maksimum nəticə göstərərək 700 bal toplayan məzunlar da var.

Tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda musiqi nömrələri səslənib, rəqslər nümayiş olunub.

“İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlanıb.

Qonaqlar məktəbdə yaradılan şəraitlə yaxından tanış olub, dərslərin gedişatını izləyiblər.

Keçidlər