Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda şəhid ailələrinə daim diqqət və qayğı göstərilir

30 avqust 2017 | 16:00

Qubadlı rayonunun 1993-cü il avqustun 31-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin növbəti il dönümündə bu rayondan olan və Abşeronda məskunlaşan şəhid ailələri ilə görüş keçirilib. Abşeron rayon İcra Hakimiyyətində baş tutan tədbir Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəzsinə ucalan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayıb.

Toplantıda çıxış edən İcra Hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Azər Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvləri qayğı ilə əhatə edilmiş, onların problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür.

Düşmən tapdağında olan torpaqlarımızın işğal altından azad edilməsi istiqamətində dövlət tərəfindən uğurlu siyasət aparıldığını qeyd edən A. Məmmədov bildirib ki, cənab prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çox tez bir zamanda biz öz dədə-baba yurdlarımıza qayıdacağıq.

Görüşdə Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərə toxunan Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Rayon üzrə baş məsləhətçisi Vidadi İsayev qeyd edib ki, Abşeron rayonunda Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Abşeron RİH- tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova hələ Abşeron RİH-də müavin vəzifəsində çalışdığı ilk gündən məcburi köçkünlərə diqqət və qayğı göstərir, onların qarşılaşdıqları çatışmazlıqları aradan qaldırır. “Siz ən böyük diqqət və qayğıya layiqsiniz” - deyən İcra Başçısı mütəmadi olaraq məcuri köçkünlərlə görüşlər keçirir, daima onların yanında olur. Bunu keçirilən görüşlər zamanı məcburi köçkünlər də öz çıxışlarında dəfələrlə qeyd etmişlər. “Biz indiyə qədər bu qədər diqqət və qayğı ilə təmin olunmamışdıq” - söyləyərək öz minnətdarlıqlarını bildirirlər.

Daha sonra Qubadlı rayonundan olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.

Keçidlər