Şriftin ölçüsü :

Saytın rəngi :

Mehdiabad-Fatmayı-Görədil avtomobil yolu yenidən qurulur

17 avqust 2017 | 16:00

Hazırda sözügedən avtomobil yolunun Mehdiabad hissəsinin yenidən qurulması işləri aparılır.

Mehdiabad-Fatmayı-Görədil yolu uzun müddət idi ki, əsaslı şəkildə təmir olunmurdu. Nəticədə yolun hərəkət hissəsində qabarmış və deformasiyaya uğramış ərazilər yaranıb. Üstəlik yol boyu piyada səkilərinin olmaması vətəndaşların xüsusən payız-qış mövsümündə gediş-gəlişində çətinliklər yaradırdı. Artıq bu problem geridə qalır.

Belə ki, eni 9-11 metr arası dəyişən yolun yenidən qurulması işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Daha sonra qazılmış ərazilərə karbonat materialı tökülərək kipləşdirilib və yolun hərəkət hissəsinin asfaltlanması işlərinə başlanılıb.

İki hərəkət zolaqlı olan yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtük döşənir.Bundan başqa vətəndaşların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində piyada səkiləri inşa ediləcək, səkilərin kənarlarına səki daşları düzüləcək və ərazidə piyada səkilərinin hərəkət hissəsinin asfaltlanması işləri aparılacaq.

Yolun yenidən qurulması işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada zolaqlarının, yol-cizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, bütün işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə aparılır. Sözügedən hissədə işlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda işçi qüvvəsi cəlb olunub.

Keçidlər