Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda şəhidlərin abidə kompleksi və istirahət parkının açılışı olub.

01 avqust 2017 | 16:00

Abşeron rayonunda son illərdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər, tikinti-quruculuq, yol-abadlıq işlərinin sürətləndirilməsi, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlər əhalinin ruh yüksəkliyinə səbəb olub. Rayonun ayrı-ayrı yaşayış məntəqələrinə gedən avtomobil yollarının asfaltlaşdırılması, rayonda yeni bağça və məktəblərin tikintisi və digər abadlıq, quruculuq işləri, səyyar qəbul və görüşlərdə verilən təkliflər və müraciətlər əsasında öz həllini tapır.

Azərbaycan respublikasının azadlığı, vətənimizin bütövlüyü naminə canlarından keçən igidlərimiz daima diqqət mərkəzindədirlər. Abşeron rayonunda şəhidlər həmişə müqəddəs tutulur. Şəhidlərimiz anılır, şəhid ailələrinə qayğı və diqqət göstərilir.

Abşeron rayonunun Məmmədli kəndində rayon icra hakimiyyəti tərəfindən yenidən qurulan Böyük vətən müharibəsində həlak olan kənd sakinlərinin abidəsinin, 20 Yanvar və Qarabağ şəhidlərinin xatirələrini əbədiləşdirmək üçün yeni inşa edilmiş abidə kompleksinin açılışı olub.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri , qəsəbə sakinləri açılışa toplaşan şəhid valideynləri hər iki abidə kompleksinin önünə tər çiçək dəstələri qoyaraq onların ruhuna dualar oxuyublar.
Mərasimə toplaşanlara və qonaqlara məlumat verilib ki, hər iki abidə kompleksi və şəhidlər parkı icra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın təşəbbüsü və tapşırığı ilə Məmmədli bələdiyəsinin daxili imkanları hesabına yenidən qurulub.
Abidə kompleksinin qarşısındaca şəhid ailələrinin üzvləri ilə görüşən icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, Vətənini uca tutanı Vətən də uca tutar. Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğulları unutmağa haqqımız yoxdur. Onların müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq bizim ümdə vəzifəmizdir. Bu, bizim dövlətin bu gün həyata keçirdiyi vətənpərvərlik siyasətinin prioritet istiqamətlərindəndir. Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə də belə olub, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətində də istiqamət belədir.
Şəhid ailələrinin üzvləri də Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğulların xatirəsinə göstərilən diqqət və sayğıya görə dövlət başçısına və onun yerlərdəki nümayəndələrinə öz minnətdarlıqlarını ifadə edərək razılıqlarını bildiriblər.

Bundan sonra kəndin mərkəzində yenidən inşa edilmiş Məmmədli bələdiyyəsinin və İcra nümayəndəliyinin inzibati binasının açılışı mərasimi olub.
Toplantı iştirakçıları hər iki inzibati binaya baxış keçirmiş, burada yaradılmış şəraitlə tanış olublar. Qonaqlara məlumat verilib ki, bələdiyyənin inzibati binası əsaslı təmir olunmuş, dam örtüyü dəyişdirilmiş, divarı və ətrafı aqlay daşla üzlənmiş, iş otaqları avadanlıqlarla təmin olunmuşdur. Həmçinin icra nümayəndəliyi üçün 4 otaqlı bina tikilib əsaslı təmir olunub , avadanlıqlarla təmin olunaraq istifadəyə verilmişdir.Hər iki binanın yerləşdiyi ərazidə abadlıq işləri aparılmış, yaşıllıqlar salınmış və 17 metr hündürlüyündə bayraq dirəyi ucaldılmış, binaların ətrafına 2.300 kv metr asfalt örtüyü vurularaq rənglənmişdir.

Daha sonra şəhid ailələri və qəsəbə sakinləri ilə səyyar qəbul və görüş keçirilib.

Kənd sakinləri mülahizələrini bölüşərək onları narahat edən məsələlərlə bağlı təkliflərini veriblər.

Sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həll olunub, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Səyyar qəbul-görüşü yekunlaşdıran xanım İradə Gülməmmədova bildirib ki, səyyar qəbulun keçirilməsində məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.

Keçidlər