Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi” çərçivəsində Xırdalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanıb.
Layihə Xırdalan şəhərində 200 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Təməlqoyma mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova, “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov və rayon ictimaiyyəti iştirak edib.
İradə Gülməmmədova tədbir iştirakçılarını əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirilib ki, əvvəlki xətlər Xırdalan şəhərinin 50 min nəfərlik əhalisi üçün nəzərdə tutulduğundan təlabatı ödəmirdi. Yeni layihəyə səsasən Xırdalan şəhərinə içməli su Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən veriləcək.Bu məqsədlə Ceyranbatan-Zirə magistral su xəttinin marşurutu üzərində hər birinin tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı tikiləcək və su anbarlarından şəhərə qədər 4,5 km magistral su xətləri çəkiləcək.Xırdalan şəhərində ümumin uzunluğu 168 km olan paylayıcı su şəbəkəsi yaradılacaq, 21200 ünvana ev birləşməsi veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq.Yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə şəhər ərazisində 570 yanğın hidrantının quraşdırılmasıda nəzərdə tutulur .
Şəhərdə görülən bütün işlərin Prezident İlham Əliyevin Xırdalan göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu deyən icra hakimiyyətinin başçısı vurğulayıb ki, layihə yekunlaşdıqdan sonra şəhərin küçə və prospektlərində asfaltlanma işləri aparılacaq.
“Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədov vurğulayıb ki, layihə çərçivəsində Xırdalan şəhərinin kanalizasiya infrastrukturu da yenidən qurulacaq. Şəhərdə 109 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq, kanalizasiya quyuları tikiləcək, ev birləşmələri veriləcək. Layihə üzrə tikinti-quraşdırma işlərinin 2019-cu iləd başa çatdırılması planlaşdırılır.Bununla da Xırdalan şəhərində istehlakçıların su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşaçaqdır.
Rayon ağsaqqalı Şirinbala Xalıqov Xırdalan sakinləri adından dövlətimizin başçısına minnətdarlığını bildirərək, Abşeron rayonunda həyata keçirilən sosial infrastruktur layihələrindən söz açıb.
Daha sonra ilk borunun xəndəyə endirilməsi ilə Xırdalan şəhərində içməli su və kanalizasiya layihəsinin təməli qoyulub.