Abşeronda "Son zəng" qeyd olundu
Respublikamızın bütün guşələrində olduğu kimi Abşeron rayonunda da tam orta məktəblərdə “Son zəng” tədbirləri keçirildi. Abşeron rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova, rayon təhsil şöbəsinin rəhbərliyi, müəllim və şagird kolektivi Xırdalan şəhər 1 saylı tam orta məktəbin “Son zəng” tədbirində iştirak etdilər.
14 iyun 2017-cı il tarixdə Abşeron rayonun bütün ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirildi. Tədbir dövlət himninin möhtəşəm sədaları ilə açıq elan edildi.
Artıq son zəng ərəfəsində duyğulu anlar yaşayan müəllimlər, məzunlar və onların valideynləri bu qəm, kədər qarışıq sevincli dəqiqələrdə zəngin ovqata köklənmişdilər. Unudulmaz günün hərarətinə toplaşanlar arasından müəllimlər məzunlara könül dolusu uğurlar arzulayıb, sentyabrda məktəbə gələcək, sinif otaqlarına ilk kövrək addımlarını atacaq birincilərə mübarək qədəmlər, bol uğurlar arzuladılar.
Tədbiri məktəbin direktoru Kəmalə Yusifova giriş sözü ilə açaraq məzunları təbrik etdi və təhsil ocağının uğurlarından geniş məlumat verdi. Məktəbin məzunları nı ürəkdən salamlayaraq onlara qarşıdakı çətin sınaqlarda müvəffəqiyyətlər arzuladı.
Dövlət başçısı tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər rayonumuzda da öz əksini tapır.
Təhsilin səviyyəsinin gündən-günə yüksəldilməsi, məktəb islahatının vüsət alması uşaqların elmi biliklərə layiqincə yiyələnməsinə zəmin yaradır. Direktor sərbəst həyata qədəm qoyan məzunlara göstərilən etimadı layiqincə doğrultmaq üçün bu çətin və şərəfli yolda böyük uğurlar arzuladı. Müəllimləri, valideynləri, şagirdləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edən məktəb direktoru məzunlara müstəqil həyatda atacaqları addımlarda uğurlar dilədi.
Qeyd edək ki, məktəbin 10 sinifi bu il məktəbə əlvida deyir. 199 şagird Azərbaycan bölməsi, 38 şagird Rus bölməsini bitirir. Abşeron rayonu üzrə isə 2073- şagird 11 ci sinif, 3100 nəfər isə 9 cu sinif üzrə məzun olur. Xatırladaq ki, rayon təhsil ocaqlarında 45000 şagird təhsil alır.
Rayonumuzun ümumtəhsil məktəblərində baş tutan son zəng şənliklərinin qonağı olan Abşeron rayon İcra Hakimiyyətinin Başçısı İradə Gülməmmədova Xırdalan şəhər 1 saylı tam orta məktəbin qonağı oldu. Məzunları bu xoş gün münasibətilə təbrik edən İcra Hakimiyyətinin Başçısı çıxış edərək qeyd etdi ki, ölkəmizdə gedən hərtərəfli inkişaf təhsil sahəsinin də maddi-texniki bazasının gücləndirilməsinə səbəb olmuşdur. Hər bir sahəyə olduğu kimi təhsil sferasına da respublika Prezidenti İlham Əliyev cənablarının və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı daim artır. Məzunlarımız onlara dövlət səviyyəsində göstərilən diqqətə, qayğıya, müasir tələblərə cavab verən təhsil şəraitinə ali məktəblərə uğurlu imtahan verməklə, əsl vətəndaş kimi yetişməklə cavab verəcəklər. Ölkədə və gündən-günə abadlaşan Abşeronda gedən quruculuq işlərini, yeni-yeni məktəb binalarının, uşaq bağçalarının inşa olunmasını və onların hər cür avadanlıqla təmin edilməsini möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının qayğısı kimi qiymətləndirilir.
Abşeron rayonun da bu sahəyə xüsusi önəm verildiyini, nəticədə şagirdlərin hər il yeni-yeni müvəffəqiyyətlərə imza atdığını faktların dili ilə dinləyicilərə çatdırdı, bir daha məzunlarımıza çətin sınaq yolunda mübariz olmalarını diqqətə çatdırdı. Rayon rəhbəri məzunlara orta məktəbin buraxılış və ali məktəblərin qəbul imtahanlarında müvəffəqiyyətlər dilədi.
Sabahımız, gələcəyimiz olan bu günkü məzunlar məktəbimizin, rayonumuzun, respublikamızın adını daima ucalara qaldıracaqlarını vurğulayan İcra Başçısı işğal altında olan torpaqlarımızda tezlikən zəng səslərinin eşidilməsini, birincilərin azad olunub yeni tikilib istifadəyə verilmiş gözəl məktəblərə addım atmasını arzuladı.
Xırdalan şəhər 1 saylı tam orta məktəbin həyəti də “Son zəng” günü bayramsayağı bəzədilmişdi. Mərasim iştirakçıları qarşısında çıxış edən 11- cilər müxtəlif mahnılar oxuyub, şerlər söylədilər.
Sonra söz musiqiyə, nəğməyə verildi. Gül-çiçək yağışına bələnmiş məktəbin geniş həyətində şənlik xeyli davam etdi.
Müstəqil Azərbaycanın gələcəyini yaradan gənclərin “Son zəng” bayramı rayon təhsil ocaqlarında tədbirləri davam etdi.
Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən Azərbaycan dövlətinin məzunlar qarşısında geniş üfüqlər açdığını vurğulandıı, onbirincilərə müstəqil həyat yolunda yüksəlişlər istənildi. Gənclərin göstərilən qayğıya vətənə sədaqət nümayiş etdirməklə cavab verəcəklərinə inam ifadə edildi. Məktəb rəhbərliyi tərəfindən təhsildə fərqlənən müəllim və şagirdlərə fəxri diplomlar təqdim edildi.
Məktəbin məzunları isə “Biz məktəbimizin adına layiq olacağıq” – deyən on birincilərin inamlı çıxışları, mənalı ürək sözləri bu gənclərin vətənin layiqli övladları olacağına inamı daha da artırdı. Sonda meydan al-əlvan geyinmiş məzunların ixtiyarına verildi. Birincilər məzunları təbrik etdi. "Son zəng" səsləndi. Sehirli "Bilik açarı"nı şagirdlərə verən məzunlar məktəbə əlvida dedilər.
Musiqili-nəğməli son zəng mərasimi təəssüratlarla dolu bir şəraitdə xeyli davam etdi.