Abşeronda Laçından olan şəhid ailələri ilə görüş keçirilib
Laçın rayonunun 1992-ci il 17 may tarixində işğalı ilə əlaqədar olaraq Abşeron rayonunda məskunlaşan Laçından olan şəhid ailələri ilə görüş keçirilib. Abşeron Rayon İcra Hakimiyyətində baş tutan tədbir Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayıb.
Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova çıxış edərək, hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin işğal altında olan ərazilərimizin təbliğ edilməsi, onların unudulmamasına çalışmaq olduğunu bildirib. Laçının Azərbaycanın dilbər güşələrindən biri olduğunu, o torpaqlara geri qayıdacağımızı vurğulayan başçı hər bir Azərbaycanlının ürəyində vətən həsrətinin, torpaq nisgilinin olduğunu vurğulayıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin əmri ilə hər kəsin silaha sarılaraq rayonlarımızı işğaldan azad etməyə hazır olduğunu önə çəkən başçının sözlərinə görə, cəbhədə hərbçilərimizin qazandığı uğurlar düşməni həm sarsıldıb, həm də vahiməyə salıb. Azərbaycan ordusunun gücünü, döyüş əzmini qeyd edən İ.Gülməmmədova işğal altında olan ərazilərimizin hərb yolu ilə geri qaytarmağa qadir olduğunu deyib. O, müharibə şəraitində olmağımıza baxmayaraq Azərbaycanın günü-gündən inkişaf etdiyini, respublikanın hər yerində məktəblərin, bağçaların tikildiyini, yolların salındığını qeyd edən başçı ölkədə aparılan abadlıq-quruculuq işlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Daha sonra Laçından olan şəhid ailələri torpaqlarımızın tezliklə azad ediləcəyinə, məcburi köçkünlərin ata-baba yurdlarına dönəcəklərinə inandıqlarını bildirərək onlara göstərilən qayğı və diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid ailələrinə maddi yardımlar göstərilib.