RİH Başçısı “Əməkdar mədəniyyət işçisi” fəxri adını alan Qobulu xanımlarla görüşüb
Azərbaycan xalçaçılarına “Əməkdar mədəniyyət işçisi” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sevindirici haldır ki, “Əməkdar mədəniyyət işçisi” fəxri adını alan 8 nəfərdən ikisi - Bəşirova Rəfiqə Xanağa qızı və Orucova Firəngiz Hüseyn qızı Abşeron rayonunun Qobu qəsəbəsinin sakinləridir.
Qeyd edək ki, adıçəkilən Abşeron sakinlərinin hər ikisi Azərbaycanın xalçaçılıq incilərini beynəlxalq sərgilərdə, eləcə də Türkiyədə, Əlcəzairdə, Dağıstanda keçirilən tədbirlərdə nümayiş etdiriblər. Ölkəmizi layiqincə təmsil edən qobulu xanımlarla bu gün Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın görüşü keçirilib. Görüşdə İ.Gülməmmədova R.Bəşirovanı və F.Orucovanı “Əməkdar mədəniyyət işçisi” fəxri adını almaları münasibəti ilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə vurğulandı ki, cənab Prezident İlham Əliyev tərəfindən Azərbaycan xalçaçılarına fəxri adların verilməsi onlara dövlət səviyyəsində göstərilən qayğı və diqqətin bariz nümunəsidir. Son illərdə xalça sənətkarlının inkişaf etdirildiyi və dünyada daha yüksək səviyyələrdə təbliğ olunduğu vurğulanıb. Xalçaçılar R.Bəşirova və F.Orucova da göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirərək, bundan sonra da xalça sənətinin inkişafında və təbliğində səylə çalışacaqlarını qeyd ediblər.