Abşeronda 2017-ci ilin birinci rübünün yekunları müzakirə olunub
Abşeron rayonunda cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncaqda rayon icra hakimiyyətinin başçısı İradə xanım Gülməmmədova çıxış edərək yığıncaq iştirakçılarını salamladı.
İcra başçısı İlin ilk üç ayında sosial-iqtisadi sahədə uğurlu nəticələr qazanıldığını vurğulayaraq qısa məlumat verdi. Sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quluyev geniş məruzə ilə çıxış etdi.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr haqqında” Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quluyevin məruzəsin Sizlərə təqdim edirik;
Hörmətli başçı və yığıncaq iştirakçıları!
Məlum olduğu kimi 10 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasdakı giriş nitqində 2017-ci ilin birinci rübündə ölkəmizin uğurla inkişaf etdiyini, bütün proqnozların həyata keçdiyini bildirən Ölkə Prezidenti cənab İlham Əliyev dünyada və regionda mövcud beynəlxalq vəziyyətin gərgin olduğunu, münaqişələrin, qanlı toqquşmaların davam etdiyini, yeni risklərin, təhdidlərin yarandığını diqqətə çatdırmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev ilin birinci rübündə Davos Ümumdünya İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Avropa Komissiyasının işində iştirak etmiş, Pakistan, Qətər, İran, Fransa dövlətlərində səfərdə olmuş, eyni zamanda ölkəmizə 7 xarici dövlət başçısı səfər etmişdir. Birinci rübdə ölkəmizdə ən mühüm beynəlxalq tədbirlərdən olan V Qlobal Forum keçirilmişdir. Forumda 40-dan çox ölkənin təmsilçisi, fəaliyyətdə olan və keçmiş dövlət-hökumət başçıları iştirak etmişlər.
Çıxışında əsas diqqəti ölkəmizdə iqtisadi sahədə həyata keçirilən tədbirlərə yönəldən dövlətimizin başçısı bildirmişdir ki, 2015-2016-cı illərdə dünyanı iqtisadi böhran bürüməsinə, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə, inşaat sektorunda ötən il yaranan durğunluğa baxmayaraq işə məsuliyyətli yanaşma və uzunmüddətli inkişaf planları sayəsində iqtisadi dayanaqlıq təmin edilmiş və valyuta ehtiyatlarının artımına nail olunmuşdur. Çox sevindirici haldır ki, bu il Davos Ümumdünya İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı 37-ci yerə layiq görmüşdür və böhranlı illərdə ölkəmiz öz reytinqini 3 pillə artıra bilmişdir.
Ötən dövrdə Cənub Qaz Dəhlizi ilə bağlı işlər uğurla davam etdirilmiş, bu ilin mart ayında Astaraçay üzərində tikilmiş körpü vasitəsilə Azərbaycandan İrana artıq birinci qatar yola düşmüş, Bakı-Tbilisi-Qars dəmir yol xəttində isə son tamamlama işləri görülməkdədir. Neft-qaz və nəqliyyat sahəsində həyata keçirilən bu mühüm infrastruktur layihələri ölkə iqtisadiyyatının daha da güclənməsinə təkan verəcəkdir. Cari ilin birinci rübündə Ölkəmizdə inşaat sektorunda canlanma müşahidə edilməkdədir. Hazırda Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikilir. Bu həm yeni iş yerlərinin açılması, həmçinin sakinlərin yaşayış vəziyyətinin yaxşılaşması, qəzalı, yararsız vəziyyətdə olan binaların ləğv olunması baxımından çox böyük əməmiyyəti vardır.
Həyata keçirilmiş tədbirlər, yaradılmış müasir infrastruktur, xüsusilə Ölkə Prezidenrtinin göstərişi ilə “Asan viza” sisteminin yaradılması nəticəsində ölkəmizə turist axını daha da güclənmiş və bu ilin birinci rübündə 25 faiz artım qeydə alınmışdır.
Cari ilin birinci rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2.4 faiz, qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3.5 faiz, xüsusilə bitkiçilik 20 faiz artmışdır. Valyuta ehtiyatları 1 milyard dollar artaraq, 38.5 milyard təşkil etmiş, ticarət dövriyyəsi 15 faiz, ixrac 50 faiz, qeyri-neft ixracı 10 faiz artmış, idxal isə 17 faiz azalmışdır. Yerli istehsalın stimullaşdırılması , biznes qurumlarına əlverişli şəraitin yaradılması idxaldan asılılığın azaldılmasına böyük təkan vermişdir. Ötən dövrlərdə olduğu kimi birinci rübdə də regionlarda müsbət inkişaf meylləri davam etdirilmiş, 85 min yeni iş yeri yaradılmış, ölkədə sosial məsələlərin həlli diqqət mərkəzində saxlanılmışdır. Qəzalı məktəblərin yerində 3 modul tipli məktəb, 13 tibb müəssisəsi tikilib və ya əsaslı təmir edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən Abşeron və Ağcabədi Olimpiya idman komplekslərinin bu il istifadəyə verilməsi ilə bağlı müvafiq tapşırıq verilmişdir.
Nazirlər Kabinetinin iclasındakı nitqində əsas diqqəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə yönəldən Ölkə Prezidenti cənab İlham Əliyev Ermənistanın danışıqlar prosesinin hər vəchlə pozmağa çalışmaına baxmayaraq, Ölkəmizin danışıqlar prosesindəki mövqeyinin dəyişməz qaldığını, ərazi bütövlüyünün bərpa ediləcəyinə əminliyini bir daha bəyan etmiş, Postsovet məkanında mövcud olan digər münaqişələrdən fərqli olaraq, BMT Təhlükəsizlik Şurası tərəfindən erməni işğalçı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı dörd qətnamənin qəbul edildiyini diqqətə çatdırmışdır.
Prezident İlham Əliyev yekun nitqində uğurla başlanılan 2017-ci ildə makroiqtisadi sabitliyin qorunmasının, süni qiymət artımına yol verilməməsinin, istehlak qiymətlərinə daim diqqət göstərilməsinin vacibliyini vurğulamışdır. Bundan əlavə ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə təşkili, regionlarda sənaye zonalarının yaradılması, ixracyönümlü kənd təsərrüfatı və sənaye məhsulları istehsalının artırılması, sosial infrastruktur layihələrinin icrası, rayonlarda sahibkarlığın inkişafına lazımi şəraitin yaradılması və xüsusilə xarici sərmayələrin cəlb edilməsi, qəzalı vəziyyətdə və ağır şəraitli binalarda məskunlaşmş məcburi köçkünlərin mənzillərlə təmin edilməsi, paytaxtda və rayon mərkəzlərində yeni təşəbbüs olan sosial mənzillərin tikintisi və digər məsələlərlə bağlı öz tapşırıq və tövsiyələrini vermişdir.
Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr baxımından işlərimizi təhlil edərək bildirirəm ki, hesabat dövründə rayonda abadlıq-quruculuq, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
2017-ci ilin ötən dövrü ərzində rayonun daxili imkanları hesabına Xırdalan şəhərinin Şəhriyar, Digah qəsəbəsinin Xətai, Saray qəsəbəsinin Hacıbaba Səmədov və Azadlıq, Ceyranbatan qəsəbəsinin Həsən bəy Zərdabi və Təbrik, Aşağı Güzdək qəsəbəsinin Həzi Cavadov, Məmmədli kəndinin Nəsrəddin Tusi, Molla Pənah Vaqif küçələrində abadlaşdırma işləri görülmüş, Mehdiabad qəsəbəsində park yenidən qurularaq, istifadəyə verilmiş, Məmmədli kəndində Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə salınmış parkın yenidən qurulması işlərinə başlanılmışdır.Xırdalan şəhərinin Qalubiyyə küçəsində baxımsız qalmış ərazi abadlaşdırılaraq, park salınmışdır. Hazırda burada işlər yekunlaşmaq üzrədir. Eyni zamanda çoxmənzilli yaşayış binalarının həyətlərində qanunsuz zəbt edilmiş 270 daş və ya metal torla hasarlanmış ərazi sökülərək təmizlənmişdir.
Yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 9532 kub metr çınqıl tökülərək yayılmış, 17 min kvadratmetr sahə asfaltlanmış, 96 paqometr səki daşı düzülmüş, piyada səkilərinə 289 kvadratmetr tomet döşənmişdir. Saray qəsəbəsində Vəli Axundov küçəsinin başlanğıcından yeni qəbirstanlığa gedən 1100 metr uzunluğunda yola asfalt örtük verilmişdir. Məmmədli kəndində magistral yolun kənarı boyunca qrunt sularının axıdılması üçün 300 mm diametrli polietilen borularla 1000 metr uzunluğunda su ötürücüsünün inşa olunması işləri başa çatdırılmışdır.
“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Mehdiabad-Digah-Məmmədli avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmışdır. Eyni zamanda hazırda “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mehdiabad-Novxanı və Lökbatan-Qobu yollarının əsaslı yenidən qurulması, Bakı-Quba və Bakı-Şamaxı magistral avtomobil yollarının Abşeron rayonundan keçən hissəsində 5 yerdə yerüstü keçidin inşası işləri həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, çoxmənzilli yaşayış binalarının təmiri ilə bağlı Xırdalan şəhəri və Ceyranbatan qəsəbəsi ərazisində əsaslı təmirə ehtiyac olan 13 çoxmənzilli yaşayış binası müəyyənləşdirilmiş, artıq Ceyranbatan qəsəbəsində 7 beşmərtəbəli yaşayış binasında təmir işlərinə başlanılmışdır. Ceyranbatan qəsəbəsində nəzərdə tutulmuş işlər tamamlandıqdan sonra Xırdalan şəhərində 2 doqquz mərtəbəli və 4 beşmərtəbəli çoxmənzilli yaşayış binasında təmir işlərinə başlanılacaqdır.
2017-ci ilin fevral ayında əsən güclü külək nəticəsində Xırdalan şəhəri, 26-cı məhəllə, 4 saylı binanın dam örtüyü uçaraq tamamilə yararsız hala düşmüş, dam örtüyündəki asbes şiferlər binanın ətrafında yerləşən 15 fərdi yaşayış evinə də zərər vurmuşdur. Bununla bağlı binanın 1580 m2-lik dam örtüyü qısa müddət ərzində yenidən bərpa olunmuş, həmçinin ətrafda zərər dəymiş fərdi yaşayış evlərinə 263 ədəd şifer köməklik edilmişdir. Bundan əlavə hörmətli Başçı Sizin tapşırığınıza əsasən şəhər ərazisindəki bütün binaların dam örtüyündə bərkidilmə işləri aparılmışdır.
Ötən illərdə olduğu kimi cari ilin birinci rübündə də ekoloji tarazlığın qorunması və yaşıllıqların artırılması daim diqqət mərkəzində saxlanılmışdır. Cari ilin ötən müddəti ərzində rayonun yaşayış məntəqələrində 6 min ədəd müxtəlif növ ağac əkilmişdir.
Əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 4 ədəd yeni transformator quraşdırılmış, 3 ədəd yanmış transformator bərpa edilmiş, 180 ədəd dayaq və 10310 metr naqil dəyişdirilmiş, yaşayış məntəqələrində 19 min metr uzunluqda “SİP” kabeləşməsi aparılmışdır. Qobu qəsəbəsində 110 kv-luq, Xırdalan şəhəri və Masazır kəndində isə 35 kv-luq yarımstansiyaların tikintisi başa çatmış, hazırda çıxış xətlərinin çəkilməsi işləri həyata keçirilir.Xırdalan şəhərində 3 yarımstansiyanı birləşdirəcək dairəvi 35 kilovoltluq xəttin çəkilişi işləri də sürətlə davam etdirilir.
Eyni zamanda Xırdalanda 10 kilovoltluq elektrik hava xətlərinin yeraltı kabellərlə əvəz olunması və Hökməli qəsəbəsinin daxili xətt şəbəkəsinin yenidənqurulması işlərinə də başlanılmışdır. Digah qəsəbəsində elektrik enerjisi verilişinin Binəqədineftdən ayrılaraq Fatmayı yarımstansiyasının üzərinə keçirilməsi nəticəsində qəsəbədə elektrik təchizatı ilə bağlı problemlər aradan qaldırılmışdır.
2017-ci ilin 3 ayı ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 980 p/m uzunluqda yeni içməli su xətləri çəkilmiş, 1486 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilmiş, 15 ədəd müxtəlif markalı nasos təmir edilmiş, eləcə də 1774 p/m uzunluqda kanalizasiya xətləri yenilənmişdir. Daxili imkanlar hesabına Xırdalan şəhərində 28-ci məhəllənin 14 saylı binasının zirzəmisinin çirkab sulardan təmizlənməsi məqsədilə 120 paqometr boru yenisi ilə əvəz edilmiş, 4 dəst baxış quyusu qoyulmuşdur. Xırdalan şəhərinin Xudu Məmmədov küçəsində fərdi yaşayış evlərini su basması ilə əlaqədar 450 paqometr uzunluğunda, Masazır kəndinin Cəfər Cabbarlı küçəsində 430 paqometr, Mehdiabad qəsəbəsinin Maqsud Abdullayev küçəsində isə 100 paqometr uzunluğunda plastik boru ilə kanalizasiya xətti çəkilmişdir.
Azərsu Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novxanı kəndinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılmışdır. İlkin mərhələdə 13.2 km uzunluğunda içməli su xəttinin və 6.6 km uzunluğunda magistral kanalizasiya xəttinin çəkişi nəzərdə tutulmuşdur ki, bu işlərin iyun ayının əvvəllərinə təhvil verilməsi planlaşdırılır.
Rayon əhalisinin təbii qazla təchizatı ilə bağlı Xırdalan, Ceyranbatan, Qobu, Hökməli, Masazır, Novxanı və Pirəkəşkül yaşayış məntəqələrində müaxtəlif diametrli 1369 paqometr uzunluğunda yeni təbii qaz xətləri çəkilmiş, 5 ədəd qaz tənzimləyici şkaf və 4400 ədəd sayğac quraşdırılmışdır.
Hesabat dövründə Abşeron Telekommunikasiya Qovşağı tərəfindən tarif gəliri planı üzrə 1 milyon 854 min manat gəlir edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 298 min manat çoxdur. Vətəndaşların telefonla təmin edilməsi məqsədilə daxili imkanlar hesabına 13 eskiz layihəsi icra edilməklə 14 min metr müxtəlif tutumlu kabellərdən və 107 ədəd yeni ağac və dəmir telefon dirəklərindən istifadə etməklə Xırdalan, Masazır, Görədil, Ceyranbatan və Qobustanda 770 abunəçi üçün yeni telefon xətt şəbəkəsi tikilib istifadəyə verilmişdir.
“Azərpoçt” MMC-nin Abşeron Poçt filialı cari ilin üç ayı ərzində plan proqnozuna qarşı tarif gəlirini 229.6 min manat yerinə yetirmişdir. Hesabat dövründə Xırdalan şəhərinin AAAF yaşayış kompleksində 2 saylı poçt şöbəsinin yeni agentliyi fəlaiyyətə başlamışdır. Ümumilikdə bu gün şəhər, qəsəbə və kənd poçt şöbələri əhaliyə və eləcədə idarə, müəssisə və təşkilatlara 70-ə yaxın poçt xidmətini həyata keçirir. Cari ildə “Azərpoçt” MMC tərəfindən yeni sosial layihə olan “Poçtap” xidməti istifadəyə verilmişdir ki, bu sistem vasitəsəsi ilə itirilmiş sənədlərin qeydiyyata alınması, aidiyyəti qurumlara və sahiblərinə çatdırılması təmin olunur.
Ceyranbatan, Saray, Masazır yaşayış məntəqələrində təşkil olunmuş “Asan xidmət”in səyyar fəaliyyətindən rayonumuzun 2326 nəfər sakini istifadə etmişdir. Hazırda səyyar Asan Xidmət Novxanı kəndində öz xidmətini davam etdirir.
Hesabat dövründə rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, onların sosial problemlərinin həlli məsələləri rayon İcra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılmışdır.
Ötən müddət ərzində Abşeron rayonu üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı rayon Məşğulluq Mərkəzi, Rayon Təmir Abadlıq idarəsi və digər aidiyyəti idarələrlə birgə təkliflər hazırlanmış, rayonun küçə, prospekt, park, xiyaban və magistral yolların ətrafında görüləcək abadlıq və quruculuq işləri, təmir olunacaq 13 çoxmənzilli yaşayış binası müəyyən edilmişdir.Abadlıq, quruculuq işləri və mənzil təmiri ilə əlaqədar 336 nəfər rayon sakini artıq işlə təmin olunmuşdur.
2017-ci ilin ötən müddəti ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün vergi orqanlarında 48 hüquqi, 1130 fiziki şəxs vergi ödəyicisi kimi qeydiyyata alınaraq, fəaliyyətə başlamışdır. Ümumilikdə sahibkarlıq fəaliyyətinə yaradılmış əlverişli şəraitin nəticəsi olaraq, 3 ay ərzində rayon ərazisində 2017 yeni iş yaradılmışdır.
Hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon ərazisində fəaliyyət göstərən sahibkarlara 4 investisiya layihəsi üçün 930 min manat güzəştli kredit verilmişdir ki, həyata keçiriləcək bu layihələr üzrə 33 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Rayon sahibkarları tərəfindən ixracyönümlü məhsul istehsalına diqqət artmış, rayon ərazisində fəaliyyət göstərən 33 şirkət tərəfindən istehsal olunan 301 adda məhsulun xarici bazarlara çıxarılması üçün artıq “Azexport.az” saytında müvafiq məlumatlar yerləşdirilmişdir.
Cari ilin birinci rübündə rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67.7 faiz artaraq 36.5 milyon manata çatmışdır. Sənaye müəssisələrində işləyənlərin sayı 6200 nəfər olmuş, çalışan işçilərin orta aylıq əmək haqqı 351 manat təşkil etmişdir.
Ötən illərdə olduğu kimi 2017-ci ildə də Rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi xeyli artmışdır. Hesabat dövründə keçən ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz çox olmaqla 411 hektar sahədə tərəvəz əkilmişdir. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 21895 başa, davarın sayı 109737 başa, quşların sayı isə 1 165 740 başa çatmışdır. Hesabat dövrü ərzində 604 ton ət, 7077 ton süd istehsal olunmuş, yumurta istehsalı isə 9.3 milyon ədəd artaraq 53.3 milyon ədədə çatmışdır.
Cari ilin 3 ayı ərzində Rayon Baytarlıq Nəzarəti idarəsi tərəfindən rayon ərazisində mövcud olan 17050 baş iri buynuzlu heyvanlar arasında qarayara, dabaq xəstəliklərinə qarşı. 110300 baş quşlarda taun əleyhinə dövlət vəsaiti hesabına verilmiş dərmanlar hesabına profilaktiki peyvəndləmə işləri aparılmışdır. Hesabat dövründə 8 obyektdə 1800 m2 sahədə dezinfeksiya işləri aparılmış, ət satışı obyektlərində və emal müəssisələrində baytarlıq-sanitariya nəzarətini həyata keçirməklə 9045 manat vəsait büdcədənkənar hesaba köçürülmüşdür.
Eyni zamanda nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq rayonun kənd təsərrüfatı torpaqlarında zeytun və badam bağlarının sahələrinin genişləndiriməsi istiqamətində işlərə başlanılmışdır. Hazırda Aşağı Güzdək ərazisində 330 hektar sahədə zeytun əkilməsi ilə bağlı işlər sürətlə davam etdirilir. Artıq 16.8 min ədəd zeytun tingi əkilmişdir. Salınmış yeni zeytun bağının suvarılması üçün şəbəkə qurulması işləri də paralel olaraq aparılır. Eyni zamanda keçmiş 3 saylı zeytun sovxozunun ərazisində yeni badam bağlarının salınması məqsədilə 200 hektar sahədə torpağın üst qatının düzənlənməsi işləri həyata keçirilir.
2017-ci ilin 3 ayı ərzində rayonda tikinti işlərinin həcmi 27.5 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 54.5 faiz çoxdur. Hesabat dövründə rayonda Mənzil Tikinti Koperativləri tərəfindən hündürmərtəbəli yaşayış binaları üzrə 22956 kvadmetrlik yaşayış fondunun tikintisi başa çatdırılaraq istismara qəbul edilmişdir.
Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırıqların əsasını rayon və şəhərlərdə dotasiyalardan asılılığın minimuma endirilməsi təşkil edir. Diqqətə çatdırmaq istərdim ki, artıq 6 ildir ki, Abşeron rayonu dotasiya almadan bütün xərclərini yerli daxilolmalar hesabına maliyyələşdirir və bu il rayonun yerli xərclərindən artıq 23.5 milyon manatın dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur. Hesabat dövründə Abşeron rayon büdcəsinin yerli gəlirlər proqnozu 5 885 609 manata qarşı 6838319 manat və ya 116 % yerinə yetirilmiş, nəticədə büdcəyə nəzərdə tutulduğundan 953 min manat əlavə vəsait daxil olmuşdur.
2017-ci ilin 3 ayı ərzində Rayonun yerli büdcəsinin icrası 3 350 902 manat proqnoza qarşı 1 567 037 manat və ya 46.8 % icra olunmuşdur. Yerli xərclərin proqnozla müqayisədə az icra olunması əsasən mart ayının əmək haqqının növbəti ayda ödənilməsi ilə əlaqədardır.
Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində cari ilin 3 ayı ərzində 261 nəfərə pensiya təytinatı aparılmış, pensiyaçıların sayı 23382 nəfərə çatmış, rayon üzrə orta pensiyanın məbləği 205 manat təşkil etmişdir. Mərkəzin 11 nəfər sosial işçisi tərəfindən 118 nəfər ahıl və tənhaya xidmət göstərilmiş, 24 nəfər əlil istirahət və müalicə zonalarına göndərilmişdir. Hazırda rayon üzrə 2004 ailə orta hesabla 153 manat olmaqla ünvanlı dövlət sosial yardımı alır. Cari ilin mart ayında Heydər Əliyev Fondu tərəfindən ünvanlı sosial yardım alan bütün ailələrə bayram payı göndərilmişdir.
Hesabat dövrü ərzində Rayon Məşğulluq Mərkəzi tərəfindən 108 nəfərə işsizlik statusu verilmiş, 16 nəfər mərkəzin qeydiyyatında olan qeyri-məşğul vətəndaş Bakı Regional Peşə Tədrisi Mərkəzində “aşpaz” peşə kursuna göndərilmişdir. Cari ilin ötən üç ayında Məşğulluq Mərkəzinin xətti ilə 453 nəfər işə düzəlmişdir ki, bunun da 84 nəfəri qaçqın və məcburi köçkünlər olmuşdur.
Ötən illərdə olduğu kimi hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılmış, Rayon İcra Hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan 36 şəhid ailəsi, əlil və imkansıza 4500 manat yardım göstərilmişdir. Rayonun daxili imkanları hesabına Novruz bayramı ərəfəsində bütün şəhid ailələrinə bayram payı verilmişdir.
Rayon ərazisində məskunlaşmış 10240 məcburi köçkün ailəsinin qayğıları da diqqət mərkəzində saxlanılmışdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən 9 mart 2017-ci il tarixdə qaçqınların və məcburi köçkünlərin problemlərinə həsr edilmiş müşavirədə verilmiş tapşırıqlara uyğun olaraq, Abşeron rayonunda qaçqınların və məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi və qəzalı , ağır şəraitli binalarda məskunlaşmış məcburi köçkünlərin yaşayış şəraiti ilə bağlı problemləri ciddi nəzarətə götürülmüşdür. Bununla bağlı Dövlətqaçqınkomun rayon şöbəsi ilə birlikdə qəzalı, ağır şəraitli yerlərdə məskunlaşmış 612 məcburi köçkün ailəsinin siyahısı hazırlanaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edilmişdir.
2017-ci ilin 3 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində işlər davam etdirilmişdir. Yeni Bakı Yaşayış Kompleksində 120 yerlik uşaq bağçası binasında, Masazır kəndində 2000 şagird yerlik, Mehdiabad qəsəbəsində isə 1200 şagird yerlik məktəb binalarında işlər sürətlə davam etdirilir.
Əhalinin səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində də müəyyən tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, 2017-ci ilin fevral ayından respublikada olduğu kimi rayonumuzda da sakinlərin tibbi müayinəsinə başlanılmış və artıq 89562 nəfər rayon sakini tibbi müayinədən keçirilmişdir. Müayinənin nəticəsi olaraq 1064 nəfər xəstəyə ambulator müalicə təyin edilmiş, 383 nəfər isə stasionar müayinə və müalicəyə göndərilmişdir. 15 mart 2017-ci il tarixdə Rayon İcra Hakimiyətinin yaxından köməkliyi ilə rayonda fəaliyyət göstərən idarə və təşkilatların könüllü donorluq aksiyası təşkil olunmuş və 215 nəfər qanvermə aksiyasında iştirak etmişdir.
Rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən aparılmış profiaktiki tədbirlər nəticəsində rayonda epidemioloji vəziyyət sabit olmuşdur. Mərkəz işini Rayon İcra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərə qarşı Kompleks Tədbirlər Planı əsasında qurmuş, görülmüş işlərin nəticəsi olaraq 2017-ci ilin 3 ayı ərzində bir çox yoluxucu xəstəliklərin sayı azalmış, bəzi xəstəliklər isə ümumiyyətlə qeydə alınmamışdır. Rayonun məktəb, uşaq bağçası və digər müəssisələrində, Xırdalan şəhərindəki çoxmənzilli yaşayış binalarında, su anbarlarında dezinfeksiya tədbirləri həyata keçirilmiş, sanitar təmizliyin vəziyyəti ilə bağlı rayonun Ceyranbatan, Saray, Qobu, Aşağı Güzdək qəsəbələrində reydlər aparılmış, 18 ünvanda qeyri-qanuni zibilliklər aşkar olunaraq ləğv edilmiş, bununla bağlı 11 nəfər maddi məsul şəxsə cərimə tətbiq olunmuşdur.
Hesabat dövründə mədəniyyət müəssisələrinin fəaliyyəti də xeyli canlandırılmış, “20 yanvar”, Xocalı faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar təşkil edilmiş, əlamətdar günlərdə və bayramlarda tədbirlər keçirilmişdir.
8 mart- Beynəlxalq Qadınlar günü , Novruz bayramı ilə bağlı keçirilən tədbirlərdə respublikanın tanınmış musiqiçilərinin və rayonun özfəaliyyət kollektivlərinin əhali qarşısında rəngarəng çıxışları təşkil olunmuşdur. Novruz bayramı zamanı Heydər Əliyev adına parkda keçirilmiş ümumrayon tədbirində təhsil müəssisələri kollektivlərinin əl işlərindən ibarət sərgilər təşkil edilmişdir. Bayram ərəfəsində Abşeron rayonun ictimaiyyət nümayəndələri ilə rayonun Pirəkəşkül kəndi ərazisində yerləşən “N” saylı hərbi hisssində əsgərlərlə və Saray qəsəbəsində yerləşən sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində görüşlər keçirilmiş və onlara bayram sovqatı aparılmışdır. Eyni zamanda Bakı şəhərində Dənizkənarı Milli Parkda keçirilmiş respublika səviyyəli Novruz tədbirində təsviri və dekorativ-tətbiqi sənət sərgisində rayonun sənətkarları öz əl işlərini nümayiş etdirmiş, kulinarlarlarımız tərəfindən rayonumuzun özünəməxsus milli mətbəxt nümunələri təqdim edilmişdir.
Hesabat dövründə rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləvililiyin təmin edilməsi sahəsində də ciddi iş aparılmışdır. Bu gün rayonumuzda 6000 nəfərə yaxın yeniyetmə və gənc idmanın 27 növündə məşğul olurlar. 2017-ci ilin 3 ayı ərzində rayonun gəncləri 1 respublika gənclər tədbirində, 6 beynəlxalq və 18 respublika idman yarışlarında iştirak etmişlər.
İdman yarışlarında gənclərimiz 59 medal, o cümlədən 27 qızıl medal qazanmışlar. Cari ilin birinci rübündə idmançılarımız Xoratiya, İran, Rusiya, Ukraynada keçirilən beynəlxalq yarışlarda iştirak edərək 3 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmışlar.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq həyata keçirilən, gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində 2017-ci ilin 23-26 mart tarixlərində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi ölkəmizin qərb bölgəsinə səfər etmişlər.
Hesabat dövründə rayonda kriminogen vəziyyət sabit olmuş, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri hesabat dövründə də qorunub saxlanılmışdır. Ötən rüb ərzində Rayon İcra Hakimiyyəti, Polis idarəsi, Gənclər və idman idarəsi və Təhsil şöbəsi birlikdə “Narkomaniya ümumbəşəri bəladır” və “Qeyri-ənənəvi dini təriqətlərə, dini radikalizmə qarşı mübarizə” mövzularında rayonun şəhər, qəsəbə və kəndlərində 23 görüş keçirilmişdir. Hesabat dövründə narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizə ciddi şəkildə davam etdirilmiş, 10 kq 170 qram qanunsuz narkotik aşkar edilərək, dövriyədən çıxarılmışdır. Ümumilikdə cari ilin birinci rübündə 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 11 cinayət hadisəsi azalmış, açılma faizi isə 8.5 faiz artaraq 83 faiz təşkil etmişdir.
Ötən dövr ərzində rayonda dini durum sabit olmaqla radikal dini cərəyanlar və digər məsələlərlə bağlı qanunazidd hallar müşahidə edilməmişdir. 2017-ci ilin “İslam Həmrəyliyi ili” çərçivəsində Abşeron Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans keçirilmişdir.
Gənclərdə hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi işi də rayon İcra Hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılır. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Respublikası Prezidentinin müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncamlarının icrası yüksək səviyyədə təşkil edilmişdir. 2017-ci ilin ötən dövrü ərzində 98 nəfər gənc həqiqi hərbi xidmətə yola salınmış, çağırışdan yayınma hallarına rast gəlinməmişdir. Ölkə Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” müvafiq sərəncamına uyğun olaraq aprel ayı ərzində gənclərin həqiqi hərbi xidmətə çağırışı hazırda rayonda yüksək səviyyədə icra edilir.
Rayon İcra Hakimiyyəti və onun struktur bölmələrinin fəaliyyətində vətəndaşların müraciətlərinə, təklif, ərizə və şikayətlərinə baxılması mühüm yer tutur. 2017-ci ilin 3 ayı ərzində Rayon İcra hakimiyyətinə 522 ərizə, təklif, və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 148 ədəd və ya 22 faiz azdır.
Rayon İcra hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullarda 150 nəfər vətəndaşın müraciəti dinlənilmiş, haqlı tələblərinin təmin olunması üçün lazımi tədbirlər görülmüşdür. Xüsusilə rayon İcra hakimiyyətinin başçısı tərəfindən yerlərdə vətəndaşların səyyar qəbullarına üstünlük verilmiş, 2017-ci ilin 3 ayı ərzində rayonun kənd və qəsəbələrində 820 nəfərə qədər rayon sakinin iştirakı ilə səyyar qəbul-görüşlər keçirilmişdir.
2017-ci ilin iş planına uyğun olaraq ötən dövrdə Rayon İcra Hakimiyyəti başçısı Yanındakı Şura iclasları müntəzəm keçirilmiş, hesabat dövründə iş planında olan 8 məsələnin müzakirəsi təmin olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda və rayonun daxili imkanları hesabına sənaye, kənd təsərrüfatı sahəsinin inkişafı, yol infrastrukturunun təkmilləşdirilməsi, əhalinin elektrik enerjisi və istiliklə təchizatı, su və kanalizasiya, rabitə xidmətlərinin yaxşılaşdırılması, mədəniyyət, təhsil və səhiyyə müəssisələrinin tikintisi, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi istiqamətində mühüm tədbirlər nəzərdə tutulmuşdur. Bununla bağlı işlərin vaxtında icrası, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, təmirinə başlanılmış çoxmənzilli yaşayış binalarında işlərin keyfiyyətlə başa çatdırılması, rayon əhalisinin işıq, içməli su, təbii qaz, yol və digər problemlərinin həlli edilməsi, rayon ərazisində yaşıllıqların qorunub saxlanılması və vaxtında suvarılması , ərazidə sanitar təmizliyin təmin edilməsi , rayonun inzibati ərazisində, eyni zamanda rayona təhkim olunmuş dövlət fondu torpaqlarında qanunsuz tikintilərin qarşısının alınması qarşıda duran ən mühüm vəzifələrdəndir.
İcazə verin Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarını əmin edək ki 2017-ci ilin növbəti aylarında da qarşıda duran mühüm tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nail olacaq, rayonun sosial-iqtisadi inkişafı və əhalinin sosial problemlərinin həlli istiqamətində mümkün olan bütün tədbirlər görüləcəkdir.
Diqqətinizə görə sağ olun!