Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 21-ci ildönümü anılmışdır.

27 fevral 2013 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir. Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Mərasimdə çıxış edən  Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini  xanım İradə Gülməmmədova  Azərbaycan xalqının tarixində qanlı səhifələrdən biri olan Xocalı faciəsinin bəşəriyyət tarixinə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi düşdüyünü qeyd etmişdir. İ.Gülməmmədova  faciənin tarixinə nəzər salaraq bildirmişdir ki, 21 il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan silahlı qüvvələri keçmiş Sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş, bəşəriyyətin ən böyük faciələrindən birini–Xocalı faciəsini törətmişdir. Bu hərbi təcavüz zamanı  Xocalı şəhəri yerlə-yeksan edilmiş, dinc sakinlərə  amansızcasına divan tutulmuşdur. Hərbi təcavüz nəticəsində  613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilmiş, cəsədləri üzərində təhqiredici hərəkətlərə yol verilmişdir:  Həmin kütləvi qırğın həyata keçirilərkən səkkiz ailənin bütün üzvləri öldürülmüş, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən mərhum edilmiş,   487 dinc sakin ağır yaralanmış və 1275 nəfər girov götürülmüşdür. Girov götürülənlərdən 150 nəfərin taleyi hələ də məlum deyil.
Mərasim iştirakçıları öz çıxışlarında bildirmişlər ki, Xocalı faciəsi Azərbaycan xalqına qarşı misli görünməmiş kütləvi və amansız qırğın aktı, dövlət müstəqilliyimizə, ərazi bütövlüyümüzə qarşı yönəlmiş irimiqyaslı cinayət idi. Bu faciənin Sovet ordusunun 366-cı motoatıcı alayı ilə yanaşı, xaricdən cəlb olunmuş xüsusi təyinatlı terrorçu qruplaşmaların iştirakı ilə törədildiyini diqqətə çatdırmışlar.

Keçidlər