Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Mehdiabad sakinlərilə növbəti dəfə görüşüb
Abşeron rayonunda son illərdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan nailiyyətlər, tikinti-quruculuq, yol-abadlıq işlərinin sürətləndirilməsi, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlər əhalinin ruh yüksəkliyinə səbəb olub. Rayonun ayrı-ayrı yaşayış məntəqələrinə gedən avtomobil yollarının asfaltlaşdırılması, rayonda yeni bağça və məktəblərin tikintisi və digər abadlıq, quruculuq işləri, səyyar qəbul və görüşlərdə verilən təkliflər və müraciətlər əsasında öz həllini tapır.
Azərbaycan Respublikasının azadlığı, vətənimizin bütövlüyü naminə canlarından keçən igidlərimiz daima diqqət mərkəzindədirlər. Abşeron rayonunda şəhidlər həmişə müqəddəs tutulur. Şəhidlərimiz anılır, şəhid ailələrinə qayğı və diqqət göstərilir.
Bu gün Mehdiabad qəsəbəsində "Şəhidlər parkı" təmir bərpa olunaraq qəsəbə sakinlərinin ixtiyarına verildi. Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri mərasimdə iştirak edərək, Şəhidlərə həsr olunmuş abidənin önünə tər qərənfillər düzüldü. Rayon İcra hakimiyyəti başçısı müntəzəm olaraq yerlərdə əhali ilə səyyar qəbul və görüşlər keçirməsi öz müsbət təsirini göstərir. Hər yeni təşəbbüs, istifadəyə verilən yeni sosial obyektlər, əhalinin güzəranının yaxşılaşmasına, rahatlığın təmininə yönəlik işlər sakinlərin razılığına səbəb olur. Belə görüşlərdən biri də 17 fevral 2016 cı il tarixində rayonun Mehdiabad qəsəbəsində keçirilmişdir.
Rayon Icra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova çıxışında Mehdiabad qəsəbə sakinləri ilə rəhbərlik etdiyi bir il dörd ayda 3, 4 dəfə görüşdüyünü, həmin görüşlərdə qaldırılan məsələlərin – qəsəbədə yeni məktəb və bağça binasının tikintisi, məhəllə arası yolların asfaltlaşdırılması, əhalinin su, elektrik enerjisi və təbii qazla fasiləsiz təmin olunması sahəsində mühüm işlər görüldüyünü və bu istiqamətdə işlərin davam etdiriləcəyini diqqətə çatdırmışdır.
Mehdiabad qəsəbə sakinləri mülahizələrini bölüşərək onları narahat edən məsələlərlə bağlı təkliflərini vermişlər. Təkliflər sırasında Mehdiabad qəsəbəsində uşaq bağçasının tikintisi, məktəb yaxınlığında şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə yol keçidlərinin və səkilərin düzəldilməsi, qeyri qanuni tikintilərə nəzarət, küçə ticarətinə qarşı mübarizə, məhəllə komitələrinin yaradılması, bələdiyyələr tərəfindən vaxtında vergilərin toplanması, ərazinin yollarının abadlaşdırılması və digər məsələlər də yer almışdır.
Şəhid anaları- Qənfilə Muradxanova və Ülkər Orduxanova çıxış edərək tədbir iştirakçılarına bütün diqqət və qayğının cəbhə bölgəsinə yönəldilməsi zərurətindən danışmışlar: “ Dövlətimiz müstəqilliyini bərpa edəndən uzun müddət ötməyib. Belə demək mümkünsə, respublikamız hələ gəncdir. O illərdən bəri də qarı düşmən dincliyimizi pozub. Döyüşə- döyüşə dövlətimizi inkişaf elətdirməyə, sərhədlərimizi möhkəmlətməyə çalışmışıq. On minlərlə oğullarımız şəhid olub. Torpağımızın bir hissəsi erməni tapdağındadır. Belə bir çətin dövrdə şəxsi mənafe güdüb xırda –para məsələlərə, özümüzün həll edə biləcəyimiz işlərə görə dövlətə yük olmağımız yaraşan iş deyil. Hamılıqla əl -ələ verib, gücü səngərdəki övladlarımıza arxa durmağa verək ki, düşmənə güc gəlib torpaqlarımızı azad edə bilsinlər. Bununla belə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyiilə respublikamızda, o cümlədən Abşeron rayonunun qəsəbə və kəndlərində geniş abadlıq və quruculuq işləri aparılır. Əhalinin rifah halının daha da yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən genişmiqyaslı tədbirlərə görə ölkə başçısına minnətdarlığımızı bildiririk.”
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin mümkünləri yerindəcə həllini tapmış, müəyyən vaxt və vəsait tələb edən digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Qeyd edək ki, Abşeron rayonunun kənd və qəsəbələrində gedən sürətli inkişafın nümünəsi kimi Mehdiabad qəsəbəsin də göstərmək olar. Mehdiabad Abşeronun gənc qəsəbələrindən biridir. Lakin bu qəsəbə rayonun son illər ən sürətlə böyüyən yaşayış məntəqələrindən hesab olunur. Qəsəbə sakinləri və gənclər vətənə, torpağa sədaqətləri, şücaətləri ilə də ad çıxarıblar.Qarabağ döyüşlərində Mehdiabad 16 şəhid verib. Burada 150-yə qədər Qarabağ müharibəsi veteranı var. Onların hər bir qayğı və problemlərinin həlli rayon icra hakimiyyəti rəhbərliyinin daimi diqqətindədir.Səyyar qəbul-görüşü yekunlaşdıran İradə xanım bildirmişdir ki, səyyar qəbulun keçirilməsində məqsəd qəsəbə ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.
40 mindən çox əhalinin yaşadığı qəsəbədə müasir tipli tibb məntəqəsi, 4 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, mədəniyyət evi, kitabxana, ATS , 2 poçt və sairə obyektlər fəaliyyət göstərir.