Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans kecirilib

31 yanvar 2017 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə yanvarın 31-də Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda regional konfrans kecirilib.

Rayon rəhbərliyinin, hüquq mühafizə orqanları əməkdaşları, dini icma rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclərin iştirak etdiyi tədbirdə dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.

Tədbiri Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova açaraq dövlət-din münasibətlərindən, ölkəmizdə milli-mənəvi və islami dəyərlərinin qorunması və təbliği sahəsində görülən işlərdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad şəraitdə öz ibadətləri ilə məşğul olur və əmin-amanlıq, mehriban qonşuluq çərçivəsində yaşayırlar.

Xanım İradə Gülməmmədova Azərbaycanda dini dözümlülüyün, dini azadlığın dövlət tərəfindən təmin edildiyini vurğulayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət sayəsində ölkədəki multikultural dəyərlərin daha da möhkəmləndiyini qeyd edib. Dövlət tərəfindən Azərbaycanda çoxlu məscidlərin tikildiyini, bir qisminin isə əsaslı şəkildə təmir edildiyini vurğulayan İradə Gülməmmədova ölkədə dini sabitliyin höküm sürdüyü bildirib.

Konfransda çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı bildirib ki, komitə tərəfindən bölgələrdə davamlı olaraq keçirilən belə tədbirlərin əsas məqsədi dini maarifləndirmə yolu ilə milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində aparılan işlərə töhfə verməkdir.

Qeyd olunub ki, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan islam dininin ənənəvi dəyərlərinin və mədəniyyətinin təbliği bu gün qarşıda duran ən vacib məsələlərdəndir. Çünki hazırda dünyada islam dinini radikalizmə sürükləmək meyilləri artmaqdadır. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Hacı Rauf Sərdarov çıxış edərək, ölkəmizdəki tolerantlıq mühitinin əsasında duran amillərdən danışıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib. Azərbaycan təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində də fəal iştirak edir.

Sonda məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

 

Keçidlər