Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları

09 fevral 2013 | 16:00

Abşeron rayonunda 2012-ci ilin sosial–iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş hesabat iclası keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə Xırdalan şəhərində Ümummilli Lider Heydər Əliyevin adını daşıyan mərkəzi parkda ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoymuşlar.
       Daha sonra şəhərdəki mədəniyyət evində rayonda fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların sərgisi ilə tanışlıq olmuşdur.
Hesabat iclasını açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı  cənab Zakir Fərəcov ötən ilin yekunlarına dair hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzəçi demişdir ki, respublikamızın tarixinə uğurlar ili kimi daxil olan 2012-ci il Abşeron rayonunun da sosial-iqtisadi inkişafında diqqətəlayiq nailiyyətlərlə əlamətdar olmuşdur. Uğurlarımız dövlətimizin başçısı İlham Əliyevin rayonumuzun inkişafına göstərdiyi böyük qayğıdan qaynaqlanır. Ötən ilin uğurlu yekunları 2013-cü ildə qarşıda duran vəzifələrin və tapşırıqların tam reallaşmasına etibarlı zəmin yaratmışdır.
Rayon iqtisadiyyatının bütün sahələrinin statistik təhlilinin verildiyi məruzədə bildirilmişdir ki, aqrar sahənin inkişafına diqqətin artması nəticəsində ət istehsalının həcmi 2143 tona, süd 40807 tona, yumurta 94,9 milyon ədədə, meyvə 1116 və bostan–tərəvəz 7521 tona çatdırılmışdır. Həmçinin qaramalın və davarın baş sayı da xeyli artmışdır.
Hesabat ilində bütün maliyyə mənbələrindən əsas kapitala 170,8 milyon manat investisiya yönəldilmişdir. Sənaye sektorunda 106,5 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sahibkarlığa Kömək Milli Fondundan rayon üzrə 65 layihənin reallaşmasına 14,2 milyon manat güzəştli kredit verilmişdir.
Məruzədə daha sonra rayonun şəhər, qəsəbə və kəndlərində aparılan tikinti-quruculuq, əhalinin su, qaz, enerji, telekommunikasiya, nəqliyyat ilə fasiləsiz və keyfiyyətli təminatı sahəsində görülən işlər barədə məlumat verilmişdir. Rayon büdcəsinə 34 milyon 214 min manat vəsait cəlb olunaraq proqnoza 100,1 faiz əməl edilmişdir. İqtisadiyyatın şaxələndirilməsi nəticəsində respublikamızın regionları arasında ilk olaraq yerli gəlirlər hesabına büdcənin formalaşması təmin edilmiş, son iki il ərzində ölkə büdcəsindən dotasiya alınmamışdır.
Hesabatda, həmçinin rayonun təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər, əldə olunmuş nailiyyətlər də qeyd olunmuşdur.
Xırdalanın prospekt və küçələri, park və xiyabanları, yaşayış və inzibati binalarının fasadı müasir görkəm almışdır. Bakı-Quba avtomagistralının şəhər və qəsəbələrdən keçən hissəsinin hər iki tərəfindəki təhlükəsizlik divarları zövq oxşayan memarlıq elementləri ilə işlənmişdir. Burada yeni dizaynla işlənmiş landşaft ərazinin gözəlliyini daha da artırmışdır.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən Saray-Novxanı-Görədil avtomobil yolunun tikintisinə başlanıldığının, Görədil–Fatmayı-Mehdiabad yaşayış məntəqələrini birləşdirən yolun inşasının davam etdirildiyinin bildirildiyi hesabat məruzəsində cari ildə qarşıda duran vəzifələr, icra olunacaq layihələr, görüləcək mühüm işlər barədə də ətraflı məlumat verilmişdir.
      Prezident Administrasiyasının məsul nümayəndəsi Niyaz Əliyevin, Milli Məclisin deputatı Hacı Salayevin iştirak etdikləri iclasda söz alan rayon təşkilatlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri aparılan abadlıq-quruculuq işlərindən danışmış, qarşıda duran vəzifələrin həlli ilə bağlı təkliflər irəli sürmüşlər.
    Sonda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər