Şriftin ölçüsü :

Saytın rəngi :

Novxanı kəndində yeni inşa edilmiş 28 saylı uşaq bağçası-körpələr evinin açılışı olub

23 dekabr 2016 | 16:00

Abşeron rayon İcra Hakimiyyətinin başçısı xanım  İradə Gülməmmədova , rayon hüquq mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimayətinin nümayəndələri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğum günü ərəfəsində Novxanı kəndində yeni inşa edilən 28 saylı körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak etdilər.


Bu gün uşaqların keyfiyyətli təhsil və qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir deyən Abşeron RİH-nin başçısı İradə Gülməmmədova,  rayon ərazisində görülən işlərdən danışıb.  İ.Gülməmmədova bildirdi ki, qarşıdan gələn Yeni il və 31 dekabr - "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" münasibəti ilə səmimi qəlbdən təbrik edirəm, xalqımıza səadət, xoşbəxtlik və uğurlar diləyirəm. Bütün Azərbaycanlılara növbəti illərdə də dövlətimizin və onun prezidenti İlham Əliyevin ətrafında daha sıx birliyə və həmrəyliyə nail olmağı, müstəqil dövlətimizin mənafelərinin qorunması və beynəlxalq nüfuzunun artırılması işində yorulmaz fəaliyyət göstərməyi arzu edirəm.
İcra başçısı qeyd etdi ki, son illər ərzində respublikamızda yüzlərlə uşaq baxçası və körpələr evlərinin tikilməsi, bir çoxunun isə yenidən bərpası, ölkədə uşaqlara göstərilən diqqət və qayğının mühüm tərkib hissəsi olmaqla yanaşı, həm də Azərbaycanın gələcəyinin daha etibarlı təminatına geniş imkanlar açmışdır.  İ.Gülməmmədova Azərbaycanın 1-ci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təhsil sahəsində gördüyü mühüm işlərdən danışıb.

Daha sonra rayon rəhbəri İradə Gülməmmədova körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsib və burada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, ikimərtəbəli körpələr evi-uşaq bağçası 6 quruplu, 115 yerlikdir.   Burada balacaların təlim-tərbiyəsi ilə peşəkar pedaqoji heyət məşğul olacaq. Təhlükəsizlik məqsədilə müşahidə kameraları qurulub. Bu kameralar həm həyəti, həm də bağçanın bütün otaqlarını nəzarətdə saxlamağa imkan verir. Bağça azyaşlı sakinlərin zövqünə uyğun qurulub, onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnməsini təmin etmək üçün əlvan rəngli inventarla təchiz edilib.

Burada müxtəlif yaş qrupları üçün məşğələ və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana yaradılıb. Məktəbəqədər təhsil ocağının bütün dəhliz və otaqlarının divarlarında uşaqların böyük marağına səbəb olan nağıl qəhrəmanlarının obrazları həkk edilib. Uşaqların maraqları nəzərə alınaraq bağçanın həyətində xüsusi istirahət guşələri də yaradılıb.

Bağça ilə tanışlıq zamanı rayon rəhbəri uşaqları “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il bayramı” münasibətilə təbrik edib, onlara can sağlığı, xoşbətlik və heç zaman onların simalarından uşaq təbəssümünün, xoşbəxtliyinin əksik olmamasını arzulayıb.

Daha sonra uşaqların ifasında vətənə ,dövlətçiliyə, anaya və Yeni İlə həsr olunmuş şerlər, mahnılar, eləcə də nümayiş etdirilən mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. Balacaların nümayiş etdirdiyi yeni il səhnəcikləri maraqla izlənilib.

Tədbirdə şaxta babanın və qar qızın şənliyə gəlməsi, uşaqların bayramını təbrik edərək balaca fidanlarla rəqs etməsi onların daha da sevincinə səbəb olub.

Keçidlər