Abşeron məktəbliləri “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Gəncəyə yola düşdülər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində tur-aksiyanın altıncı mərhələsinə start verilib. Bu aksiyalar gənclərimizə respublikamızın tarixini dərindən öyrənməklə yanaşı, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradır.
Noyabrın 17-də səhər tezdən tur-aksiyanın "Xırdalan-Gəncə-Şəmkir-Göygöl-Xırdalan" marşrutunun iştirakçılarını yola salmaq üçün Abşeron Rayon İcra Hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Heydər Əliyev Parkına toplaşıblar. Təntənəli yolasalma mərasimindən əvvəl rayon İcra Hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri, valideynlər və məktəblilər şəhərin mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlin önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirak etdikləri mərasimdə, Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov “Ölkəmizi tanıyaq” layihəsinin əhəmiyyətindən danışıb. Bildirib ki, tur-aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsində, tədrisdə qazanılan nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdən biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır.
Yolasalma mərasimində, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Kamran Rzayev çıxış edərək, dövlətimizin başçısının tapşırığına əsasən təşkil olunan aksiyanın əhəmiyyətindən danışıb. Bildirib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin başlıca məqsədlərindən biri gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasıdır. “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyalar da məhz bu amala xidmət edir”.
Qrupun rəhbəri Könül Nəcəfova bildirib ki, “Dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları - Abşeron rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri bu gün Gəncə şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar”. Tur-aksiyanın məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını vurğulayan qrup rəhbəri şagirdlərin ölkəmizi daha yaxından tanıması üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçısı, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Hüseyin Əliyev sevincini belə ifadə edib: “Azərbaycanın tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq hamımızın ürəyincədir. Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları qədim tarixi, adət-ənənələri, mədəniyyət və incəsənəti ilə məşhurdur. Bizim üçün bu imkanı yaradan Prezidentimizə minnətdarlığımızı bildiririk”. Sonda aksiya iştirakçıları avtobusla Gəncəyə yola düşüblər.
Məlumat üçün bildirək ki, layihə çərçivəsində rayon üzrə 40 şagird 4 gün ərzində Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaq. Məktəbliləri 3 müəllim, bir həkim və Rayon İcra Hakimiyyəti aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Hafiz Mikayılov müşayiət edəcək. Məktəblilər və müəllimlər dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərdi Qəssab türbəsi, Nizami Gəncəvinin məqbərəsi, Amfiteatr, Nizami Gəncəvi adına mərkəz və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev muzeyinə baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər.