Şriftin ölçüsü :

Saytın rəngi :

Hicran Hüseynova Abşeron rayonunda vətəndaşları qəbul edib

06 oktyabr 2016 | 16:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
6 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova Abşeron rayonunda saat 11:00-da Heydər Əliyev mərkəzində Sumqayıt, Qubadlı, Şuşa, Zəngilan və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul zamanı 26 vətəndaşın problemləri dinlənilib və təklifləri qəbul olunub.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib. Müraciətlər əsasən məşğulluq, qadın sahibkarlara kömək, əlil uşaqların müalicəsi, erkən nikah və boşanmaların yaratdığı problemlər və sair barədə olub.

Müraciətlərin bir çoxu elə yerindəcə həll edilib, bəzi məsələlər isə araşdırılmaq üçün nəzarətə götürülüb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlərlə əlaqədar vətəndaşlara hərtərəfli izahat verilib, icra vəziyyəti nəzarətdə saxlanılmaqla aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
Vətəndaşlar mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbuldan sonra rayonun fəal qadınları ilə görüş keçirilib.

Görüşdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, bütün nailiyyətlərin əsasında ailə səadəti durur. Ailə bütün zamanlarda cəmiyyətin ən müqəddəs təməl daşı hesab olunur. Azərbaycan xalqının dərin ailə ənənələri mövcuddur. Cəmiyyətimizdə ailə həmişə müqəddəs sayılıb. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dövlət ailə siyasətinin təməli qoyulmub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ailə məsələləri həm dövlətin, həm də cəmiyyətin önəm verdiyi ən əsas məsələlərdən, prioritet istiqamətlərdən biridir.Diqqətə çatdırıldi ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva beynəlxalq aləmdə Azərbaycan qadınının mənəvi zənginliyini, vətənpərvərliyini, ailə dəyərlərini uğurla təmsil edir.

Toplantıda çıxış edən Hicran Hüseynova Azərbaycan qadınlarının cəmiyyətdə tutduğu yüksək mövqe, müxtəlif sahələrdə qazandıqları uğurları barədə məlumat verib. Komitə sədri öz çıxışında vurğulayıb ki, Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində təmsil olunublar. Son illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların da sayı artıb. Həyata keçirilən dövlət proqramlarında gender məsələləri mühüm yer tutur. Hicran Hüseynova ailələrin qorunması üzrə həyata keçirilən layihələr çərçivəsində əhalinin sağlamlığı sahəsində görülən işlərdən danışaraq qeyd etdi ki, bu ilin əvvəlində Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yarım milyondan çox insan dispanserləşmədən keçib. Bu isə dövlətin, xüsusilə Azərbaycan Prezidentinin ailələrin sağlamlığına olan diqqət və qayğısının əyani sübutudur.

 

Keçidlər